Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib
25.04.2018 15:34
  • A-
  • A
  • A+

“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib

Aprelin 25-də Azərbaycan Dillər Universitetində (ADU) böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunan “Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib.

Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov çıxış edərək böyük dramaturqun müxtəlif mənaları özündə təcəssüm etdirən əsərlərin müəllifi olduğunu bildirib. Qeyd edib ki, milli olduğu qədər, həm də bəşəri sənətkar olan H.Cavidin “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və digər əsərlərinin mövzusunu çərçivəyə sığışdırmaq mümkün deyil. 

Sonra çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Hüseyn Cavid yaradıcılığındakı fəlsəfi, tarixi fikirlərin Azərbaycan dramaturgiyasında yeni mərhələ açdığını deyib. Dramaturqun irsinin təbliğinin əhəmiyyətini vurğulayan alim Hüseyn Cavid yaradıcılığının araşdırılmasının gənc nəslin vətənpərvər kimi formalaşmasında mühüm rol oynadığını bildirib.

AMEA-nın Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı rəhbəri olduğu muzeyin mütəfəkkir sənətkarın yaradıcılığının təbliği, tədqiqi və sistemləşdirilməsi ilə məşğul olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, muzeyin həyata keçirdiyi cavidşünaslıq layihəsi çərçivəsində Hüseyn Cavidin həyat və yaradıcılığı barədə dövri mətbuatda çap olunan məqalələrin 50 cildlik kitab şəklində nəşr edilməsi nəzərdə tutulur. 

H.Cavidin Ev-Muzeyində 15 mindən artıq eksponatın qorunub saxlanıldığını deyən G.Babaxanlı müxtəlif yerli və səyyar sərgilərin təşkil olunduğunu bildirib. O, bu günə kimi akademik Kamal Abdullayevin rəhbərliyi ilə Hüseyn Cavidin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq Avropa ölkələrinə yayıldığını qeyd edib.

Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının professoru, cavidşünas Cəlal Qasımov əsərlərində bəşəri ideyalara, türkçülüyə geniş yer verən Hüseyn Cavid yaradıcılığının öyrənilməsində onun qızı Turan Cavidin göstərdiyi əvəzsiz xidmətlərdən danışıb: “Mənzum dramaturgiyanı Azərbaycan ədəbiyyatına gətirən Hüseyn Cavidin yaradıcılığında biz tarixə sadiqliyin şahidi oluruq. Millətin milli mənəvi dəyərlərinə hücum olunan zaman Hüseyn Cavid tarixə müraciət edib və “Peyğəmbər” əsərini ərsəyə gətirib, türkün tarixi və torpağı hədəf seçilən zaman isə o, “Topal Teymur”u yazıb. Biz onun yaradıcılığında tarixi köklərə bağlılığın, Vətənə sədaqətin təcəssümünü görürük”.

Daha sonra çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdullayev “Cavidə məhəbbətlə” adı altında nəşr edilən üçcildlik haqqında iştirakçılara məlumat verib. Rektor bildirib ki, Azərbaycan ədəbiyyatının ən yüksək nöqtələrində bərqərar olan Hüseyn Cavid öz yaradıcılığı ilə Azərbaycanın ən dahi şairləri ilə səsləşib. Diqqətə çatdırıb ki, 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şairin cəsədinin Sibirdən gətirilməsi yalnız bir şairin cəsədinin Vətənə gətirilməsi deyil, eyni zamanda, Azərbaycan ziyalıları qarşısında əqidəyə, dünyagörüşə yaşıl işığın yandırılması demək idi.

Sonda Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: