Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Eynəli bəy Sultanovun həyat və yaradıcılığından bəhs edən "İnteraktiv açıq dərs" keçirilib
24.04.2018 11:41
  • A-
  • A
  • A+

Eynəli bəy Sultanovun həyat və yaradıcılığından bəhs edən "İnteraktiv açıq dərs" keçirilib

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti "İnteraktiv açıq dərs" keçirilib.

Dərsdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov “Naxçıvanın görkəmli ziyalılarından biri Eynəli bəy Sultanov” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq və ictimai xadim Eynəli bəy Sultanovun həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib. Bildirib ki, “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 15 fevral 2016-cı il tarixli sərəncamı ədibin irsinin araşdırılmasına və təbliğinə geniş şərait yaradıb.

Tədqiqatçı alim bildirib ki, XIX əsrin 80-ci illərindən başlayaraq dövrün mətbuat orqanları ilə əməkdaşlığa başlayan E.Sultanov “Tərcüman”, “Həyat”, “İrşad”, “İqbal”, “Molla Nəsrəddin”, “Yeni fikir”, “Şərqi-rus”, “Yeni yol” və digər qəzet, jurnal və məcmuələrdə müxtəlif mövzulu yazılarla çıxış edib.

Şagirdlərin diqqətinə çatdırılıb ki, Eynəli bəy Sultanov Naxçıvanda “Ziyalı məclisi” kimi ədəbi mədəni mərkəzlər yaratmaqla həmyerlilərinin maariflənməsinə çalışıb: "O, ziyalı dostları Cəlil Məmmədquluzadə, Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Əsəd ağa Kəngərli, Qurbanəli Şərifzadə və başqaları ilə birlikdə Naxçıvanda kitabxana açdırmağa nail olub. 1883-cü ildə teatr tamaşaları təşkil edib və buradan toplanan pullarla yoxsul məktəbli şagirdlərin müxtəlif ehtiyaclarının ödənilməsinə çalışıb".

Məruzəçi Eynəli bəy Sultanovun 1924-cü ildə latın əlifbasına keçidlə bağlı müzakirələrdə aktiv iştirak etdiyini, hətta bu illərdə “Yeni əlifbanın ən yaxşı təbliğatçısı” adını aldığını söyləyib.

E.Məmmədov görkəmli ədibin folklor toplayıcısı kimi də fəaliyyət göstərdiyini, topladığı 3000-ə yaxın atalar sözünü 20 məktub vasitəsilə Firidun bəy Köçərliyə göndərdiyini diqqətə çatdırıb: "Eynəli bəy Sultanov, həmçinin bədii yaradıcılıqla da məşğul olub, 46 hekayə, 3 dram əsəri, bir sıra şeir və  tərcümələr yazıb".

O, Eynəli bəy Sultanovun “Məqalələr” kitabının “Oxunması zəruri olan kitablar haqqında” sərəncamda yer aldığını və bu amilin ədibin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasında mühüm rol oynadığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: