Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Rəyasət Heyəti aparatının iki idarəsinin veb-saytının təqdimatı keçirilib
23.04.2018 12:12
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının iki idarəsinin veb-saytının təqdimatı keçirilib

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi və Beynəlxalq əlaqələr idarəsinin veb-saytlarının təqdimatı keçirilib.

AMEA Rəyasət Heyətində keçirilən tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Elm və Təhsil idarəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, eləcə də bu qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər.

Öncə çıxış edən akademik Rasim Əliquliyev institutun mütəxəssisləri tərəfindən hazırlanmış hər iki saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırıldığını, təhlükəsizliyin tam şəkildə təmin olunduğunu qeyd edib.

R.Əliquliyev veb-saytların müasir tələblər əsasında yaradıldığını diqqətə çatdıraraq, AMEA-da elm və təhsil sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətinin önə çəkilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində hər iki resursun mühüm rol oynayacağına əminliyini ifadə edib.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun proqramçısı Sərxan Yolçuyev Elm və Təhsil idarəsinin veb-saytını təqdim edib. Bildirib ki, 3 dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərəcək sayt “Ana səhifə”, “İdarə haqqında”, “Rəsmi sənədlər”, “Xəbərlər”, “Elanlar”, “Əlaqə” və s. bölmələrindən ibarətdir. Saytın “Qalereya” bölməsində akademiyada təşkil olunan mühüm tədbirləri əks etdirən foto və video materialların yerləşdirilməsi nəzərdə tutulur. Həmçinin burada geniş axtarış sistemi və sosial şəbəkələrə keçidlər yer alıb.

AMEA-da son dövrlər əsaslı islahatlar aparıldığını söyləyən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov elmi müəssisə və təşkilatların veb-saytlarının yaradılmasının bu islahatların yeni bir mərhələsi olduğunu vurğulayıb.

Alim son illər rəhbərlik etdiyi idarədə həyata keçirilən mühüm tədbirlərin elmi ictimaiyyətə çatdırılması zərurətinin ortaya çıxdığını, bu məqsədlə qurumun veb-saytının yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, idarənin veb-saytının fəaliyyətə başlaması qurumda informasiya dəstəyi funksiyasını yerinə yetirəcək.

Ə.Sadıqov veb-saytın yaradılmasında göstərdikləri köməyə görə akademik Rasim Əliquliyevə və institutun əməkdaşlarına öz təşəkkürünü bildirib.

Beynəlxalq əlaqələr idarəsinin veb-saytını təqdim edən S.Yolçuyev bu resursun 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərəcəyini qeyd edib. Bildirib ki, veb-sayt “Ana səhifə”, “Sənədlər”, “Xəbərlər və Elanlar”, “Təşkilatlar”, “Akademik qurumlar” və s. bölmələrdən ibarətdir. Saytda həmçinin beynəlxalq proqramlar, ərizə formaları, “Horizon 2020” bölmələri, geniş axtarış sistemi, sosial şəbəkələrə keçidlər yer alıb.

İdarənin rəhbəri Esmira Əlirzayeva çıxış edərək veb-saytın üstünlüklərindən söz açıb. Onun dizayn, proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlandığını qeyd edərək institutun əməkdaşlarına təşəkkürünü bildirib.

Daha sonra Elm və Təhsil idarəsinin əməkdaşı Turan İsazadəyə Elm və təhsil idarəsinin veb-saytının, Beynəlxalq əlaqələr idarəsinin əməkdaşları Məlahət Qurbanova və Raifə Əhmədovaya Beynəlxalq əlaqələr idarəsinin veb-saytının idarə olunması üzrə təlim kursunu müvəffəqiyyətlə başa vurduqlarına görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sertifikatları təqdim olunub.

Sonda veb-saytın istismarına dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: