www.science.az
19.04.2018 17:00

AMEA-nın Ədəbiyyat İnstitutu ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb

Aprelin 19-da AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə səfərdə olan Çinin Pekin Xarici Dillər Universitetinin (PXDU) rektoru, professor Penq Lonqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin tərkibinə PXDU-nun Beynəlxalq mübadilə və əməkdaşlıq şöbəsinin müdiri KE Jinq, Ərəb və İslam Mərkəzinin direktoru Xue Qinqquo və Asiya-Afrika fakültəsinin dekan müavini Ma Zhonqvu daxil idilər.

AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik Akif Əlizadə Azərbaycan-Çin tarixi əlaqələrindən söz açaraq bildirib ki, iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində uzun illərdir mövcud olan əməkdaşlıq bu gün də inkişaf etməkdədir.

Ötən il Çin İctimai Elmlər Akademiyasının vitse-prezidentinin Bakıya səfərini xatırladan alim rəhbərlik etdiyi qurum ilə Çin İctimai Elmlər Akademiyası arasında elmi əlaqələrin möhkəmləndirilməsi və ardıcıl birgə fəaliyyətin təşkili məqsədilə imzalanmış əməkdaşlıq müqaviləsindən danışıb. O, müqavilənin hər iki qurumun elmi fəaliyyətinə müsbət təsir etdiyini, Çinin müvafiq sahələrdə təcrübəsinin öyrənilməsində mühüm nailiyyətlərin əldə olunduğunu, Azərbaycan alimlərinin bu ölkənin müxtəlif şəhərlərində keçirilən elmi tədbirlərdə iştirak etdiyini qeyd edib.

Akademik A.Əlizadə 70 ildən çox tarixi olan AMEA haqqında da məlumat verərək, burada son zamanlar elmin prioritet istiqamətlərində araşdırmaların daha da vüsət aldığını, mühüm elmi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Alim ölkə başçısı tərəfindən Azərbaycan elminə hər zaman xüsusi diqqət göstərildiyini, elmin inkişafı üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb.

Akademiyada neft, neft-kimya, geologiya, molekulyar biologiya, genetika kimi sahələrdə mühüm tədqiqatların aparıldığını söyləyən A.Əlizadə AMEA-nın Çinin elmi qurumları ilə təbiət elmləri istiqamətində də əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

AMEA rəhbəri Çinin Pekin Xarici Dillər Universiteti ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında imzalanacaq müqavilə əsasında PXDU-da Azərbaycan dili və ədəbiyyatının öyrənilməsinə dair kafedranın yaradılmasını yüksək dəyərləndirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli PXDU-ya ötən ilki səfərini xatırladıb. Alim bu nüfuzlu universitetin alim və mütəxəssisləri ilə müxtəlif səpkili görüşlərin keçirildiyini, elmi müzakirələrin aparıldığını diqqətə çatdırıb. Ali məktəbin nəzdində Azərbaycan ədəbiyyatı kafedrasının və Azərbaycanşünaslıq Elmi Mərkəzinin yaradılması məsələsini yüksək qiymətləndirərək, bu işdə lazımi köməkliyi göstərməyə hazır olduğunu qeyd edib.

Çinin “Bir kəmər, bir yol” və Azərbaycanın “Dəmir İpək Yolu” layihələrinin bir-birini tamamladığını deyən akademik İ.Həbibbəyli Bakı-Tbilisi-Qars Dəmir yolunun Çinlə Avropanı birləşdirən dəmir yolu olduğunu qeyd edib: “Arzu edirik ki, bu yol təkcə ticarət deyil, həm də böyük elm və dostluq yolu olsun”.

Alim rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Çin Mərkəzinin fəaliyyət göstərdiyini deyərək, qurumun bir neçə əməkdaşının Çin dilini öyrəndiyini, bu ölkə ilə bağlı tədqiqatlar apardığını bildirib. O, Ədəbiyyat İnstitutunun 4 əməkdaşının PXDU-ya dil kursları və elmi təcrübəyə göndəriləcəyini qeyd edib.

İ.Həbibbəyli iki qurum arasında imzalanacaq əməkdaşlıq müqaviləsinin həm Çin, həm də Azərbaycan elminin inkişafı baxımından faydalı olacağına əminliyini ifadə edib. 

Görüşdə, həmçinin PXDU-nun rektoru, professor Penq Lonq çıxış edərək rəhbərlik etdiyi qurum barədə məlumat verib. O, universitetdə 98 dil üzrə təhsilin həyata keçirildiyini, prioritet istiqamətlərdə tədqiqatların aparıldığını nəzərə çatdırıb. Rektor Çinin Azərbaycandakı səfiri də daxil olmaqla, 400-dən çox səfirin Çinin bu ali təhsil müəssisəsinin məzunu olduğunu qeyd edib.

Daha sonra PXDU ilə AMEA-nın Ədəbiyyat İnstitutu arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi professor Penq Lonq və akademik İsa Həbibbəyli imzalayıblar.

Qeyd edək ki, memorandum çərçivəsində davamlı olaraq kadr və təcrübə mübadiləsinin aparılması, tədqiqat əməkdaşlığı, birgə seminar və konfransların təşkili və s. kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sonda qarşılıqlı hədiyyələr verilib, xatirə şəkli çəkilib. Çin dilində çapdan çıxmış “Dədə-Qorqud dastanı” akademik Akif Əlizadəyə təqdim olunub.

Görüşdə AMEA Rəyasət Heyəti Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev və Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Bədirxan Əhmədov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.