Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Molla Nəsrəddin” jurnalının 112-ci ildönümünə həsr olunan konfrans keçirilib
06.04.2018 14:06
  • A-
  • A
  • A+

“Molla Nəsrəddin” jurnalının 112-ci ildönümünə həsr olunan konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan mətbuat tarixinin inkişafında müstəsna rol oynayan “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çapdan çıxmasının 112-ci ildönümü ilə əlaqədar elmi konfrans keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq jurnalın yaradıcısı, görkəmli ədib Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətindən, nəşrin milli mətbuatımızın inkişafında yeri və rolundan söz açıb.

Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Molla Nəsrəddin” və dil məsələsi”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Molla Nəsrəddin” jurnalı: yaranışı və ənənələri”, həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın “Molla Nəsrəddin” şeir məktəbinin banisi Cəlil Məmmədquluzadə” və filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun “Molla Nəsrəddin” jurnalı və naxçıvanlı müasirləri” mövzusunda məruzələri dinlənilib.

Qeyd olunub ki, 1906-cı il aprelin 7-dən nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı “Əkinçi”dən başlanılan milli mətbuatçılıq ənənələrini davam etdirməklə bərabər Azərbaycan mətbuatı və jurnalistikasına yeni ənənələr gətirib, zənginləşdirib. Müəyyən fasilələrlə 25 il nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.

Diqqətə çatdırılıb ki, milli ideyalılığı, xalqa bağlılığı, xalq yaradıcılığı ənənələrinə sədaqəti, ana dilinə məhəbbəti, eləcə də müasirliyi və bəşəri dəyərləri təbliğ edən jurnalın 748 nömrəsi çapdan çıxıb. Bundan əlavə, “Molla Nəsrəddin” satirik jurnalının Azərbaycan ictimai fikir tarixində misilsiz xidmətləri olan Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Mirzə Əli Möcüz və başqa görkəmli simaları ətrafında birləşdirdiyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: