www.science.az
06.04.2018 09:52

Lerikdə “Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda müzakirələr aparılıb

Lerikdə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi (LREM), Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Lerik rayon Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə "Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası" mövzusunda elmi-praktiki seminar keçirilib.

Tədbir Prezident İlham Əliyev cari il fevralın 12-də imzaladığı “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncama əsasən gerçəkləşib.

Seminarda LREM-in direktoru, professor Fərman Quliyev çıxış edərək çay və sitrus plantasiyalarının salınmasından, əkin və becərmə zamanı düzgün aqrotexniki qulluğun göstərilməsindən bəhs edib. Bildirib ki, çayçılığın və sitrusçuluğun inkişafı ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi bu sahələrin inkişaf etdirilməsinə, daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.

Diqqətə çatdırılıb ki, ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır. Azərbaycan subtropik bitkiçiliyinin, o cümlədən çayçılığın sənaye miqyaslı inkişaf tarixinə nəzər saldıqda subtropik təsərrüfatların sürətli inkişaf mərhələsinin ümummilli liderimiz Heydər Əliyevin qayğısı və səyi ilə 1970-1980-cı illərdə baş verdiyini görərik.

F.Quliyev qeyd edib ki, çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən “Çayçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün əlverişli mühit yaratmışdır.

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Lerik rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Mahmud Zahidov, LREM -nin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov, Çay və subtropik bitkilər şöbəsinin əməkdaşı, kimya üzrə fəlsəfə doktoru İsa Hüseynov, Arxeologiya şöbəsinin böyük elmi işçisi Samir Kərimov və fermerlər mövzu ilə bağlı təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.