www.science.az
05.11.2013 00:00

Şamaxı Astrofizika Rəsədxanasının 60 illiyinə həsr olunmuş Beynəlxalq konfrans öz işinə başlayıb

Noyabrın 4-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 60 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans öz işinə başladı.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti akademik Akif Hacıyev konfrans iştirakçılarını salamlayaraq rəsədxananın yaranması və 60 ildə keçdiyi yol, onun Azərbaycan, eləcə də dünya elminə verdiyi töhfələr barədə danışdı.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev elmi mərkəzin uğurlarından, fəza cisimlərinin tədqiqi sahəsindəki perspektivlərdən bəhs etdi. Akademik vurğuladı ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün rəsədxana dünyanın ən müasir elm mərkəzlərindən birinə çevrilmişdir.

Ölkə başçısının Astrofizika rəsədxanasına göstərdiyi diqqətdən danışan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev məlumat verdi ki, Prezident İlham Əliyevin iki Sərəncamı ilə ayrılmış vəsait hesabına rəsədxanada ümumilikdə 8 milyon manatlıq əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

Konfransda Ukrayna Beynəlxalq Aerokosmik Akademiyasının kafedra müdiri, professor Oleq Jeleznyak, “Kiyev Planetarium” Mərkəzinin direktoru Klim Çuryumov, Türkiyənin Boğaziçi Universitetinin professoru Atila Özgüç, Hindistanın Maharaşta Universitetinin nümayəndəsi Sarand Nandedkar və başqaları çıxış edərək rəsədxananın kollektivini təbrik etdi, gələcək işlərində uğurlar arzuladı.

Yubiley münasibətilə Avropa Astronomiya İttifaqından, Moskva Dövlət Universitetinin Şternberq adına Dövlət Astronomiya İnstitutundan, Gürcüstanın Abastuman rəsədxanasından, Qazaxıstanın Almatı rəsədxanasından və digər elm ocaqlarından və elmi təşkilatlardan göndərilmiş təbrik məktubları oxundu.

Rəsədxananın rəhbərliyinə ayrı-ayrı elm mərkəzlərindən göndərilmiş hədiyyələr təqdim olundu.

Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev elm mərkəzinin inkişaf yolu, qazandığı uğurlar barədə qısa şərh verdi.

Konfrans öz işini noyabrın 6-dək davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.