Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.04.2018 09:46
  • A-
  • A
  • A+

Kürdəmirdə Aprel şəhidlərinin xatirəsi anılıb

Kürdəmirdə Aprel şəhidlərinin xatirəsi anılıb

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi tərəfindən Kürdəmir rayonunun Sor-sor kənd orta məktəbində 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gənclərin xatirəsinə həsr olunan tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İctimaiyyətin çoxsaylı nümayəndələrinin qatıldıqları tədbirdə muzeyin Aran regional şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb. Bildirib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut edir.

Y.Bahadurqızı ölkəmizdə, o cümlədən Kürdəmirdə şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində hər bir şəhidin qəhrəmanlığının nümunə olduğunu diqqətə çatdırıb.

Tədbirdə baş leytenant, ölümündən sonra "Azərbaycan bayrağı ordeni" ilə təltif olunmuş Mİ-24 Hərbi helikopterinin ekipaj üzvü Əbu Bəkr İsmayılovun və milli ordumuzun kəşviyyatçısı, gizir, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuş Tural Qurbanovun qısa, eyni zamanda, şərəfli həyatından, döyüş şücaətindən söhbət açılıb, onların xatirələrinə həsr olunan şeirlər səsləndirilib.

Sonda hər iki şəhidin anası - Rəna İsmayılova və Solmaz Qurbanova çıxış edədək, övladlarının vətənpərvərliyindən, mərdliyindən danışıb və tədbir təşkilatçılarına təşəkkürlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: