Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri belaruslu həmkarları ilə bioloji aktiv əlavələrin yaradılması istiqamətində tədqiqatlar aparacaqlar
04.04.2018 15:31
  • A-
  • A
  • A+

Azərbaycan alimləri belaruslu həmkarları ilə bioloji aktiv əlavələrin yaradılması istiqamətində tədqiqatlar aparacaqlar

AMEA-nın Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi ilə birgə elan etdiyi layihə müsabiqələrinin nəticələri açıqlanıb. Müsabiqənin nəticələrinə əsasən, “Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası və onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması” layihəsi qalib seçilib. 2018-2020-ci illər üçün nəzərdə tutulmuş bu layihəyə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və Belarus Milli Elmlər Akademiyasının Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutunun laboratoriya rəhbəri, biologiya elmlər doktoru, dosent Liliya İvanovna rəhbərlik edirlər.

Son illər heterotsiklik birləşmələr kimyası sahəsində mühüm tədqiqatların aparıldığını deyən akademik V.Fərzəliyev bildirib ki, hazırda bu birləşmələr tibb, texnika, sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq olunur. Alimin sözlərinə görə, dünyada bu sahədə çoxlu sayda elmi-tədqiqat işləri aparılır. Lakin aparılan tədqiqatlar içərisində müxtəlif katalizatorlar iştirakında funksionaləvəzli triazintionlardan ibarət bioloji fəal maddələrin sintezi, çevrilmələri, onların fərqli və müqayisəli metodlarla bioloji fəallığının ətraflı tədqiqinə ümumiyyətlə rast gəlinmir. Bu səbəbdən tibdə tətbiq edilməsi mümkün olan, tərkibində azot və kükürd atomları saxlayan yeni bioloji fəal maddələrin sintezi və funksional xassələrinin tədqiqi, onların əsasında yeni, daha təsirli bioloji fəal əlavələr və dərman preparatların yaradılması əsas elmi ideya seçilib.

Akademik V.Fərzəliyev layihə çərçivəsində 2018-2019-cu illərdə tərəfdaş beynəlxalq təşkilatla yeni bioloji fəal birləşmələrinin sintezi, onların tərkib və quruluşlarının bioloji fəallığa təsirinin öyrənilməsi, onların əsasında bioloji fəal əlavələrin və dərman preparatlarının yaradılması sahəsində sistemli tədqiqatların aparılacağını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: