www.science.az
04.04.2018 15:48

Akademik Böyükkişi Ağayev son mənzilə yola salındı

Bu gün AMEA-nın Əsas binasında Azərbaycanın tanınmış cərrahı, Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının müdiri, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayevlə vida mərasimi keçirildi.

Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və tibb xadimləri, səhiyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirdi. AMEA rəhbəri ölkəmizdə tibb sahəsində mühüm xidmətləri olan görkəmli alim, akademik Böyükkişi Ağayevin uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və səhiyyənin inkişafına verdiyi sanballı töhfələrdən danışdı. 

Akademik Akif Əlizadə vurğuladı ki, ömrünün böyük hissəsini AMEA ilə bağlayan alimin elmi fəaliyyətinin əsas istiqamətini mədə qanaxmalarının müalicəsində iynəsiz inyektorun tətbiqi, qaraciyər, öd yolları və mədəaltı vəzin ağır xəstəliklərinin cərrahi müalicəsində intero corporal lazer aşağı tezlikli maqnit metodu təşkil edirdi. O, 1973-cü ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasına rəhbərlik edirdi.

Ömrünü və fəaliyyətini Azərbaycan Tibb Universiteti ilə bağlamasına baxmayaraq, B.Ağayevin hər zaman akademiya ilə əlaqəli olduğunu deyən A.Əlizadə onun Azərbaycan elmində xüsusi rolu ilə diqqət çəkdiyini bildirdi. Qeyd etdi ki, respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açmışdır.

Sonra çıxış edən Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsində özünəməxsus yeri olan Böyükkişi Ağayevin ölkəmizdə çoxsaylı cərrahların yetişməsində müstəsna xidmətlərindən söz açdı. Bildirdi ki, alim tibb sahəsində elmi məktəb yaradıb, bütün mənalı ömrünü tibb elminin inkişafına həsr edib.  Alimlə bağlı xatirələrini dilə gətirən nazir vurğuladı ki, akademik B.Ağayevin simasında Azərbaycan elmi böyük cərrah-alimi itirib. 

Tədbirdə görkəmli alimin həyat və zəngin elmi fəaliyyətindən bəhs edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov qeyd etdi ki, akademik Böyükkişi Ağayev Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə təşkilatçısı idi. O, uşaq yaşlarından tibb elminə böyük maraq göstərmiş, tələbəlik illərində gecələr təcili cərrahlıq xidməti üzrə çalışmışdı.

Qeyd olundu ki, B.Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təklifin müəllifi idi. Onun rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə etmişdir. Hazırda akademikin hazırladığı kadrlar beynəlxalq elmi qurumlarda tibb elmini yüksək səviyyədə təmsil edirlər. 

Bildirildi ki, elmi və pedaqoji fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilən B.Ağayev Azərbaycan tibb elminin inkişafındakı xidmətlərinə görə "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 1998-ci ildə “Şərəf” ordeni ilə təltif olunmuşdu.

Tanınmış alim və pedaqoq, səmimi insan B.Ağayevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.

Vida mərasimində Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli, ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev çıxış edərək B.Ağayevin zəngin elmi, pedaqoji fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən söhbət açdılar, alimlə bağlı xatirələrini bölüşdülər.

Mərhumun ailəsi adından çıxış edən qardaşı oğlu Rauf Ağayev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirdi.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salındı.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.