Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsində növbəti “İnteraktiv açıq dərs” keçirilib
02.04.2018 11:01
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində növbəti “İnteraktiv açıq dərs” keçirilib

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan “İnteraktiv açıq dərs” keçirilib.

Dərs zamanı bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov "XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı soyqırımı və Naxçıvan" mövzusunda təqdimatla çıxış edib. Alim çıxışında bildirib ki, soydaşlarımız ötən əsrdə ermənilər və onların himayədarları tərəfindən 4 dəfə soyqırımlara, deportasiyaya məruz qalıb.

O, 1918-ci il soyqırımının kökündə əsrlər boyu ermənilərin daxilində qabaran türk düşmənçiliyi, türkə nifrət psixologiyası və türkü öldürərək mənəvi zövq alma düşüncəsinin dayandığını deyib.

Y.Rəhimov ermənilərin həmin illərdə Naxçıvanı ələ keçirmək üçün Andranik Ozanyan, Dro, Njde, Doluxanov və digər cəlladların başçılığı altında hücumlar təşkil etdiklərini, günahsız insanları amansızcasına öldürdüklərini, türk və İslam mədəniyyəti abidələrini məhv etdiklərini, lakin bölgə xalqının şücaəti sayəsində şəhəri tuta bilmədiklərini vurğulayıb: "Tarixi sənədlər sübut edir ki, 1905-1907, 1918-1920-ci illər Qafqazda öz tarixi etnik ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilib, ata-baba yurdlarından didərgin salınıb".

Şagirdlərin diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə "Azərbaycanlıların soyqırımı haqqında" imzaladığı Fərmanla ilk dəfə baş verən hadisələrə siyasi qiymət verilib. Vurğulanıb ki, bununla yanaşı, Prezident İlham Əliyevin "Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" 18 yanvar 2018-ci ildə imzaladığı Sərəncam Azərbaycan xalqının başına gətirilən soyqırım cinayətlərinin mahiyyətinin açıqlanması və pərdə arxası məqamlarının araşdırılaraq təhlil edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Açıq dərs muxtar respublikanın 210 ümumtəhsil məktəbində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: