www.science.az
10.04.2014 00:00

Dədə Qorqud günü qeyd olundu

“Kitabi-Dədə Qorqud” oğuz türklərinin ən ulu, ən sanballı ensiklopedik abidəsi, ana kitabıdır!

9 aprel 2014-cü il tarixdə AMEA Folklor İnstitutu “Dədə Qorqud kitabı"nın 1300 illik beynəlxalq yubileyini və Qorqudşünaslığın 200 illiyi - “Dədə Qorqud günü"nü qeyd etdi.

Giriş sözü ilə çıxış edən institutun direktoru, filologiya üzrə elmləri doktoru Muxtar İmanov dünya mədəniyyətinin şah əsərlərindən sayılan “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin beynəlxalq səviyyədə keçirilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, gələn il Qorqudşünaslığın 200 illiyi tamam olur. 1815-ci ildən başlayan Dədə Qorqud eposunun tarixi növbəti ildə 200 illik tarixinə qovuşur. M.İmanov həmçinin, ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə institutda “Qorqudşünaslıq şöbəsi”nin yaradıldığını və bu şöbənin elmi tədqiqata cəlb olunması zərurəti haqqında danışdı. Daha sonra alim yeni nəşr olunmuş “Dədə Qorqud Kitabı”, “Kitabi-Dədə Qorqudun Yasaqlanması”, “Kitabi- Dədə Qorqud- nitq jurnalları və davranış poetikası” adlı kitablardan bəhs etdi.

Sonra Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev öz çıxışında hələ 1975-76-cı illərdə ADU-da (indiki BDU) “Respublika Dədə Qorqud günü”nə aid seminarın keçirdiyini, bu seminarda ali və orta məktəblərdən xeyli tələbə-şagirdin iştirak etdiyini qeyd etdi. Alim Dədə Qorqud sevgisinin həmişə yüksək olduğunu xüsusi vurğuladı.

Fil.ü.e.d. Əzizxan Tanrıverdi “Dədə Qorqud kitabı”-ndakı bəzi sözlərin transkripsiyası və semantikası haqqında danışdı. Ə.Tanrıverdi: “ Dilimizin, ruhumuzun, epos təfəkkürümüzün, ümumən mədəniyyət tariximizin ən sanballı abidəsi heç şübhəsiz ki, “Dədə Qorqud”dur! Qorqudşünaslıqda bu günümüzə ötürülmüş, bu sirli-sehrli, əbədi yaşar abidənin ən kiçik detallarına belə münasibət bildirilib. Qeyd etdi ki, təkcə türk yox, həm də rus və Avropa alimlərinin tədqiq etdiyi türk abidələri sırasında “Dədə Qor¬qud kitabı” birinci yerdə durur.

Tədbirdə, həmçinin “Dədə Qorqud oğuznamələrinə dövlətçilik terminləri necə daxil edilmişdir” mövzusu ilə t.ü.f.d Xəliyəddin Xəlilli, “Dədə Qorqud kitabı” qədim oğuz eposunun Azərbaycan variantıdır” mövzusu ilə ped.ü.f.d. Asif Hacıyev, “Silah sosial fərqlilik forması kimi (“Dədə Qorqud” və “Koroğlu” dastanları əsasında)” mövzusu ilə fil.ü.e.d. Rüstəm Kəmal çıxış etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.