www.science.az
10.04.2014 00:00

AMEA Gənc alim və mütəxəssislər şurasının üzvləri Riyaziyyat və Mexanika İnstitutunda monitorinq apardılar

AMEA-nın institut və təşkilatlarında monitorinqlər aparan AMEA Gənc alim və mütəxəssislər şurası üzvlərinin növbəti görüşü Riyaziyyat və Mexanika İnstitutunda baş tutub.

Görüşün gənc alimlərin problemlərinin aradan qaldırılması və təkliflərinin gerçəkləşdirilməsi məqsədilə təşkil edildiyini söyləyən Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov bu təkliflərin reallaşdırılmasının gənclərin elmi, intellektual inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Daha sonra Gənc alim və mütəxəssilər şurasının sədr müavini, Riyaziyyat və Mexanika İnstitutu üzrə sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev bu elmi müəssisədə çalışan gənc alimlərin elmi fəaliyyətləri haqqında məlumatları diqqətə çatdırıb.

Görüşdə gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyələşdirilməsi, gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, İKT sahəsində biliklərin artırılması, qrant layihələrdə fəal iştirak və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Daha sonra Şuranın üzvləri institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanovla görüşüblər. Şuranın daha mühüm elmi nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən M.Mərdanov gənclərin elmə marağının artırılması istiqamətində təklif və tövsiyyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.