Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın filiz yataqları atlası” hazırlanıb
15.03.2018 09:02
  • A-
  • A
  • A+

“Azərbaycanın filiz yataqları atlası” hazırlanıb

AMEA Geologiya və Geofizika İnstitutunun alimlərinin altıillik zəhmətinin bəhrəsi olan “Azərbaycanın filiz yataqları atlası” “Elm”nəşriyyatında çapdan çıxıb.

Atlas Azərbaycan alimlərinin çoxillik tədqiqatları əsasında hazırlanıb. Filiz yataqları sahəsində tədqiqatçı alimlərin və təşkilatların apardıqları elmi nəticələr də yeni nəşrdə əksini tapıb. Nəşrin baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Atlasda Azərbaycanın filiz yataqları barədə sənaye-genetik tiplər üzrə zəngin material toplanıb. 192 səhifəlik atlasda 469 makro və mikro fotoqrafiya, xəritə, sxem, geoloji diaqram, 42 cədvəl yer alıb. “Qara metallar”, “Aşqarlar”, “Əlvan metallar”, “Yüngül metallar”, “Nəcib metallar” başlıqlı fəsillərdə filiz yataqlarının məkanı xarakterizə olunur. Burada Daşkəsən, Şəmkir, Göygöl, Ağdərə, Çənlibel, Laçın, Əylis, Darıdağ, Qızılbulaq, Başkəndçay, Şəkərdərə, Ağyurd və s. kimi 110 filiz yatağının hərtərəfli geoloji, struktur-morfoloji, mineraloji, geokimyəvi və digər xüsusiyyətlər əksini tapıb.

“Azərbaycanın filiz yataqları atlası” xarici mütəxəssislərin diqqətini cəlb edib. Rusiya Elmlər Akademiyası (REA) Filiz Yataqlarının Geologiyası, Petroqrafiya , Mineralogiya və Geokimya İnstitutunun elmi rəhbəri, akademik N.Bortnikov atlası yüksək dəyərləndirib. Rusiyalı alim bildirib ki, bu atlas Azərbaycanda yeraltı sərvətlərdən səmərəli istifadə layihələrində, filiz yataqlarına investisiya qoyuluşunda dövlət fondunun və potensial sərmayəçilərin diqqətini cəlb edəcək.

Yerli mütəxəssislər də yeni nəşri fundamental və çox aktual elmi iş kimi dəyərləndirib. Alimlərin rəyinə görə, bu nəşr mühüm elmi və praktik əhəmiyyət daşımaqla yanaşı, filiz yataqlarını öyrənən mütəxəssislər, tələbələr, magistrlər və doktorantlar üçün çox faydalı mənbədir.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun sözlərinə görə, bu elm ocağının 80 illik yubileyi münasibətilə hazırlanmış “Azərbaycanın filiz yataqlarının atlası” ingilis dilində də nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: