www.science.az
07.03.2018 12:18

AMEA-da “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda elmi simpozium keçirilir

Martın 7-də Bakıda Heydər Əliyev Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium işinə başlayıb.

Simpoziumda Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran və Özbəkistandan dəvət olunmuş qonaqlar da iştirak edir.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda olub. Ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra qonaqlar simpozium çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanada təşkil olunan sərgi ilə tanış olublar.

Mərkəzi Elmi Kitabxanada keçirilən tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə muğam festivalının əhəmiyyətindən danışıb, bu ənənəvi tədbirin ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biri olduğunu söyləyib. Akademik A.Əlizadə muğamın İslam coğrafiyasındakı xalqların milli mənəvi dəyərlərinin və tarixi-mədəni əlaqələrinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynadığını deyib. Qeyd edib ki, əsrlər boyu nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşayır. Dövlət səviyyəsində mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan verir. AMEA rəhbəri festival çərçivəsində keçirilən elmi simpoziumun akademiyanın həyatında əlamətdar hadisələrdən biri olduğunu deyib, tədbirin işində uğurlar arzulayıb.

Sonra çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın ölkəmizdə ənənəyə çevrilmiş böyük musiqi tədbirlərindən olduğunu deyib. Nazir xalqımızın muğam sənətinə hörmət və sevgisindən, muğam sənətinin formalaşma mərhələlərindən, eləcə də milli mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından danışıb. Qarşıdakı muğam həftəsində bir çox maraqlı tədbirlərin təşkil olunacağını vurğulayıb.

Simpoziumda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə musiqi sənətimizin inkişafı üçün dəyərli layihə olan muğam festivalının xalq yaradıcılığına böyük diqqət və qayğının göstəricisi olduğunu deyib. Natiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə muğam sənəti ilə bağlı həyata keçirilən layihələrdən, muğam sənətinin qorunub saxlanması və təbliği istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə Türkdilli ölkələrin Musiqi qrupları şurasının üzvü Quzel Sayfullina, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dosenti Aleksandr Xaruto, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, T.K.Jurqenev adına Qazaxıstan Milli İncəsənət Akademiyasının prorektoru Qulnar Beqalinova, Özbəkistan Dövlət Konservatoriyasının professoru Ravşan Yunusov, Tehran İncəsənət Universitetinin professoru Məhəmməd Azadefar və digər qonaqlar çıxış ediblər.

Simpozium “Muğam Şərq lad sisteminin milli interpretasiyaları”, “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqi terapiya”, “Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi”, “Muğam yaradıcılığı elm və sənətin qovşağında”, “Muğamın inkişaf yolları – tarix və müasirlik” bölmə iclasları ilə davam etdirilib.

Qeyd edək ki, martın 9-da simpozium çərçivəsində AMEA-nın Gəncə Bölməsində də tədbir keçiriləcək. Tədbir işini martın 10-da yekunlaşdıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.