Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2018 13:06
  • A-
  • A
  • A+

"1918-1920-ci illərdə ADR-İran münasibətləri" mövzusunda elmi seminar keçirilib

"1918-1920-ci illərdə ADR-İran münasibətləri" mövzusunda elmi seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan "1918-1920-ci illərdə ADR-İran münasibətləri" mövzusunda elmi seminar keçirilib.

Lənkəran Dövlət Universiteti ilə birgə təşkil olunan tədbirdə LREM-in direktoru, professor Fərman Quliyev çıxış edərək 1918-ci ilin Azərbaycan xalqının tarixində yaddaqalan hadisələrlə zəngin olduğunu söyləyib. Məhz həmin ilin 28 may tarixində Şərqdə ilk demokratik respublikanın yarandığını xatırladan professor F.Quliyev bunu bütün Şərq xalqlarının həyatında ictimai-siyasi hadisə kimi xarakterizə edib. Bildirib ki, elan edildiyi andan, yəni 1918-ci il mayın 28-dən süquta uğradığı 1920-ci il aprelin 28-dək Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləmdə tanınmaq uğrunda çətin diplomatik mübarizəyə qatılıb. Üzləşdiyi bütün ədalətsizlik və yaradılan süni maneələrə baxmayaraq, müstəsna tarixi əhəmiyyətə malik siyasi nailiyyətlər qazanmağı bacarıb.

Sonra LREM-nin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti - İran münasibətlərindən, o dövrdə Qafqaz regionunda cərəyan edən siyasi proseslərdən, Cümhuriyyətin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan danışıb. O, AXC-nin yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıb.

Tədbirdə LDU-nun dosenti Fəxrəddin Hüseyn, LREM-in Arxeologiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Samir Kərimov, LDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov, Lənkəran Humanitar kollecinin müəllimi Cəmil Quliyev, Lənkəran şəhər 9 nömrəli məktəbin tarix müəllimi Rahim Nuriyev və başqaları AXC-nin fəaliyyəti və yaradıcıları barədə ətraflı məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: