Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2018 13:41
  • A-
  • A
  • A+

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Bu gün AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Əvvəlcə iştirakçılar ədəbiyyatşünas alimin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək F.Qasımzadənin Azərbaycan ədəbiyyatşünaslığının təşəkkülündə və formalaşmasında yaxından iştirak etdiyini, onun tədqiqatları nəticəsində bir sıra ədəbi-tarixi faktların üzə çıxarılaraq sistemləşdirildiyini söyləyib. Bildirib ki, ensiklopedik biliyə malik olan alim əsas ədəbi-elmi marağını ilkin mənbələr, əlyazmalar, dövri mətbuat və arxiv materialları əsasında XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsinə yönəltmişdi.

Akademik İ.Həbibbəyli ədəbiyyatşünas alimin M.F.Axundzadə, A.Bakıxanov, N.B.Vəzirov, S.Ə.Şirvani, İ.Qutqaşınlı, M.Ş.Vazeh və digərləri barəsində dəqiq məlumatlar toplayaraq, "M.F.Axundovun yaradıcılıq yolu", "N.B.Vəzirov", "Abbasqulu ağa Bakıxanov Qüdsi", "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri" kimi unikal əsərlər ərsəyə gətirdiyini bildirib. Qeyd edib ki, F.Qasımzadə XIX əsr mərsiyə ədəbiyyatının tədqiq olunmayan nümayəndələri Raci, Qumri, Muqbil və digərlərinin də yaradıcılığını üzə çıxarmışdır.

AMEA-nın vitse-prezidenti görkəmli tədqiqatçının uzun illik elmi axtarışları nəticəsində "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyini ərsəyə gətirdiyini və sözügedən əsərin bu gün də ali məktəblərdə tədris edildiyini diqqətə çatdırıb. Böyük ədəbiyyatşünaslar nəslinin yetişməsində görkəmli alimin müstəsna xidmətlərindən danışan İ.Həbibbəyli onun 30 elmlər doktoru və 120 elmlər namizədi yetişdirdiyini deyib.

Sonra çıxış edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov böyük ədəbiyyatşünas alimin həm də zəngin daxili mənəviyyata, yüksək insani keyfiyyətlərə malik olduğunu qeyd edib. O, F.Qasımzadənin ədəbi tənqid sahəsində də səmərəli fəaliyyət göstərdiyini, əsərlərində Azərbaycan ədəbiyyatının obyektiv təhlilini apardığını diqqətə çatdırıb. Bildirib ki,  XIX əsrə aid əlyazmalar üzərində işləyən F.Qasımzadə həmin dövr Azərbaycan ədəbiyyatının nümayəndələri ilə ünsiyyətdə olmuş şəxslərdən dinlədiyi məlumatlar əsasında ideologiyadan uzaq sanballı əsərlər ortaya çıxarıb.

R.Hüseynov bu gün F.Qasımzadə barəsində tədqiqatların aparıldığını, alimin kitablarının yenidən nəşr olunduğunu bildirib.

Konfransda Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, professor Yeganə İsmayılova və digərləri çıxış edərək F.Qasımzadənin Azərbaycan ədəbiyyatı tarixinin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbirdə, həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Zaman Əsgərlinin "Akademik Feyzulla Qasımzadənin həyatı və fəaliyyəti", həmin institutun şöbə müdiri, professor Tahirə Məmmədin "Akademik Feyzulla Qasımzadənin tədris-təşkilatçılıq sahəsində xidmətləri", institutun baş elmi işçisi, f.e.d. Məhəmmədəli Mustafayevin "Akademik Feyzulla Qasımzadənin ədəbiyyatşünaslıq görüşləri" və ADPU-nun kafedra müdiri, professor Himalay Qasımovun "Akademik Feyzulla Qasımzadə və müasirləri" mövzusunda məruzələri dinlənilib.

Sonda mərhum akademikin qızı, ADPU-nun Ədəbiyyatın tədrisi və metodikası kafedrasının əməkdaşı, f.ü.f.d. Nigar Qasımzadə ailəsi adından atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: