Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Kimyaçı alimi 80 illik yubileyi münasibətilə təbrik edirik!
05.03.2018 08:12
  • A-
  • A
  • A+

Kimyaçı alimi 80 illik yubileyi münasibətilə təbrik edirik!

Martın 6-da ölkəmizdə koordinasion birləşmələr kimyası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Kataliz və Qeyri-üzvi Kimya İn­sti­tutunun şöbə və laboratoriya müdiri, akademik Əjdər Əkbər oğlu Məcidovun 80 yaşı tamam olur.

Əjdər Məcidov 1938-ci il martın 6-da Bakı şəhərində anadan olub. 1960-cı ildə Bakı Dövlət Uni­versitetinin kimya fakültəsini bitir­ib.

1966-cı ildə  kimya üzrə fəlsəfə doktoru, 1984-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1985-ci ildə  professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

1964-1969-cu illərdə SSRİ EA Molekulyar Biologiya İnstitutunda, sonra isə SSRİ EA KFİ-nin Çernoqolovkadakı filialında çalışıb. 1969-1988-ci illərdə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləyib, 1988-ci ildən isə Kataliz və Qeyri-üzvi Kimya İn­sti­tutunda fəaliyyət göstərir. Alim hazırda həmin institututda şöbə və laboratoriya müdiri vəzifələrində çalışır.

Ə.Məcidovun elmi fəaliyyə­tinin əsas istiqaməti metalların pa­ramaqnit liqandlarla və bir elektronlu oksid­ləşməyə potensial meyli olan liqandlarla komplekslərinin sintezi, onların quruluşu, xassələri, reaksiya­yagirmə qabiliy­yəti və katalitik aktivliyinin tədqiqi ilə əlaqədardır. Onun rəhbərliyi ilə aparılmış metal­ların xelatlaşdırıcı stabil radikallarla komplekslərinin sintezi, onların quru­luşu və xas­sələrinin tədqiqi sahə­sindəki tədqiqatlar koordi­na­sion birləşmələr kimyasının və homo­gen katalizin yeni istiqamətinin ya­ranması üçün təməl olmuşdur.

Akademik tərəfindən ilk dəfə olaraq tərkibində stabil radikal saxlayan liqandlarla metalların kristallik kompleks birləşmələri sintez edilmiş, onların kristal və molekulyar quruluşu öyrənilmiş, paramaqnit mər­kəzlər arasındakı məsafə təyin edil­mişdir.

Kimyaçı alim  220-dən artıq elmi əsərin və 25 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru və  18 fəlsəfə doktoru  hazırlanıb.

Ə.Məcidov elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1992-1998-cı illərdə Bakı Dövlət Universitetində, daha sonra isə İstanbul (Marmara) Universitetində mühazirələr oxuyub.

Alim səmərəli elmi və pedaqoji fəaliyyətinə görə SSRİ Kimya Sənayesi Nazirliyinin “Fəxri Fərmanı”na, “Əməkdə fədakarlığa görə” medalına, AMEA Rəyasət Heyətinin “Fəxri Fərman”larına layiq görülüb. 2005-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Akademik Əjdər Məcidovun elmi araşdırmaları beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. O, Beynəlxalq Paramaqnit Rezonansı cəmiyyətinin üzvü seçilib.

Kimyaçı alimi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: