www.science.az
28.02.2018 14:01

“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Azərbaycan dilinin inkişafına həsr olunub

AMEA-nın Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın sayca 77-ci məşğələsi Azərbaycan dilinin inkişafına həsr olunub.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dilimizin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. O, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsindən danışıb. Bildirib ki, 1969-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubileyində Azərbaycan dilində çıxış edən ulu öndər dilimizin dövlət dili olması tələbi ilə məsələ qaldırıb və 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyamızın 73-cü maddəsində öz əksini tapıb.

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev irsində Azərbaycan dilinin inkişafı məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, ulu öndər 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzalayıb.

Ə.Quliyev ana dilinə qayğı siyasətini bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Qeyd edib ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə imzaladığı Sərəncam ana dilimizin qorunmasına və inkişafına qayğının ən bariz nümunəsidir.

Alim bu siyasətin Naxçıvanda da uğurla davam etdirildiyini, muxtar respublikada “Ana dili” abidəsinin ucaldıldığını, dilimizin inkişafına mühüm töhfə verən “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı, “Kitabi-Dədə Qorqud” toponimləri” kimi kitabların nəşr edildiyini deyib.

Sonda mövzu ətrafında suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.