www.science.az
27.02.2018 11:12

Tanınmış alman arxeoloqu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiya şöbəsində olub

Fevralın 26-da Almaniyanın dünyaca tanınmış arxeoloqu, professor Harald Hauptmann və xanımı Salva Hauptmann AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İçəri şəhərdə yerləşən Elmi ekspozisiya şöbəsində olublar. Qonaqlar institutun Elmi ekspozisiya şöbəsinin nəzdindəki Arxeologiya muzeyində sərgilənmiş maddi mədəniyyət nümunələri ilə tanış olublar.

Professor H.Hauptmann azərbaycanlı həmkarları ilə neolit və xalkolit dövrü Anadolu, Yaxın Şərq və Cənubi Qafqaz mədəniyyətlərinin əlaqələri, inkişaf xüsusiyyətləri və digər mövzulara dair müzakirələr aparıb.

Qeyd edək ki, professor H.Hauptmann 1968-cı ildən başlayaraq uzun müddət Türkiyədə Almaniya Arxeologiya İnstitutunun İstanbuldakı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, Şanlı Urfadakı erkən neolit dövrünə aid (e.ə. IX minillik) Nevalı Çori, Elazığ bölgəsindəki eneolit-tunc-erkən dəmir dövrü Norşuntəpə Höyüğü məskənini aşkar etmiş ekspedisiyalara rəhbərlik etmişdir. Alimin Anadolu, Yaxın Şərq, Pakistan, Balkan və Yunanstanın qədim arxeologiyası üzrə monoqrafiyaları müasir arxeologiyanın əsaslarını təşkil etməkdədir. Prof. H.Hauptmann Heydelberq Universitetinin (Almaniya) professoru, Heydelberq Akademiyasının, Serbiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.