www.science.az
26.02.2018 13:36

AMEA-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib

AMEA Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli soyqırımın törədildiyini söyləyib. Bildirib ki, hazırda Ermənistan elitasında təmsil olunan şəxslərin rəhbərliyi altında Xocalıda qoca, qadın, uşaq fərqi qoyulmadan mülki insanlara amansızcasına divan tutulub. H.Qurbanov faciə zamanı öldürülən insanların sayının əslində 613-dən yüksək olduğunu, itkin düşmüş şəxslərin erməni cəlladları tərəfindən basdırıldığını deyib.

Alim qətliamın beynəlxalq miqyasda tanınması istiqamətində ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən işlərdən, o cümlədən “Xocalıya ədalət!” kampaniyasının önəmindən danışıb. AHİ sədri hazırda bir neçə dövlətin parlament səviyyəsində, eləcə də ABŞ-ın 21 ştatının faciəni soyqırım kimi tanıdığını, Avropanın, Asiyanın qabaqcıl dövlətlərində Xocalı faciəsinin qurbanlarına abidələr ucaldıldığını bildirib.

Anım tədbirində, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, Ədəbiyyat İnstitutunun elmi işçisi Aynurə Paşayeva, Neft və Qaz İnstitutunun böyül elmi işçisi Rəqsanə Əsgərova, Fizika İnstitutunun aparıcı elmi işçisi Rəhim Ələkbərov, İqtisadiyyat İnstitutunun Həmkarlar İttifaqının sədri Tanrıverdi Paşa, Kataliz və Qeyri-üzvü Kimya İnstitutunun Həmkarlar İttifaqının sədri Arif Əfəndi və digərləri çıxış edərək Xocalı soyqırımı barədə xatirələrini bölüşüb, faciənin dünya ictimaiyyətinə çatdırılmasında alimlərin rolunu qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.