www.science.az
23.02.2018 12:46

Coğrafiya İnstitutunun kollektivi görkəmli alim Budaq Budaqovun məzarını ziyarət edib

Görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun 90 illik yubileyi ilə əlaqədar AMEA-nın Coğrafiya İnstitutunun kollektivi Fəxri Xiyabanda alimin məzarını ziyarət edib, abidəsi önünə tər çiçəklər qoyub, ruhuna dualar oxuyublar.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov alimin həyat yoluna işıq salaraq B.Budaqovun elmi, ictimai, pedaqoji və publisist yaradıcılığından, Azərbaycan coğrafiyasına verdiyi töhfələrdən söhbət açıb. Bildirib ki, B.Budaqov Azərbaycanın geomorfologiya, landşaftşünaslıq, toponimiya elmlərinin bünövrəsini qoyub, həmçinin poeziya, jurnalistika, ekologiya, İslam dini, Xəzərin problemləri və digər sahələrlə də maraqlanıb.

R.Məmmədov akademikin 1000-dən artıq əsər, o cümlədən 30 monoqrafiya, 4 lüğət yazdığını xatırladıb, onlarla xəritələr tərtib etdiyini söyləyib.

O, böyük alimin yubileyi münasibətilə Coğrafiya İnstitutunda görülən tədbirlərdən danışaraq qeyd edib ki,  müəssisənin Elmi Şurasının qərarı ilə Landşaftşünaslıq şöbəsinə B.Budaqovun adı verilib, şöbənin qarşısına büstü qoyulub, həmçinin Bakı şəhərindəki küçələrdən birinə alimin adının verilməsi barədə Səbail Rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov, coğrafiya üzrə elmlər doktorları - Rəna Qaşqay, Məhəmməd Abduyev, c.ü.f.d. Habil Haqverdiyev və digərləri çıxış edərək Budaq Budaqovun həyat yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Alimin oğlu Vasif Budaqov atasının xatirəsinə göstərilən diqqət və hörmətə görə ailəsi adından institut rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.