www.science.az
23.02.2018 10:15

Neft və Qaz İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub

Fevralın 23-də AMEA-nın Neft və Qaz İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan “Ana fəryadı” mövzusunda anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, professor Vaqif Qurbanov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, bu faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb. O, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.

Anım tədbirində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, institutun Gənc alim və mütəxəsislər şurasının sədri Rəqsanə Əsgərova, şüra üzvləri - Samirə Məhərrəmova, Vüsalə Balakçı, Yeganə Hacıyeva və başqaları çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu diqqətə çatdırıblar.

Sonda Xocalı soyqırımından bəhs edən video-çarx nümayiş etdirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.