www.science.az
23.02.2018 11:06

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir

Fevralın 23-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.

Tədbirdə çıxış edən institutun direktoru, akademik Gövhər Baxşəliyeva Xocalı faciəsinin ağır nəticələri barədə danışıb, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib.

Həmin hadisələrdə erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklər barədə danışan alim nəticədə dinc Xocalı sakinlərindən 613 nəfərin, o cümlədən 106 qadın və 63 uşağın şəhid olduğunu, 487 nəfərin şikəst qaldığını, əksəriyyəti qocalar, uşaqlar, qadınlar olmaqla 1275 nəfərin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldığını qeyd edib.

Tədbirdə Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev, Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Bije və başqaları çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.