www.science.az
23.02.2018 12:00

Mərkəzi Elmi Kitabxanada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan sərgi açılıb

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı sərgi açılıb.

Sərgidə Xocalı faciəsindən bəhs edən fotoşəkillər, kitablar, erməni vandalizmi barədə müxtəlif dillərdə dərc olunmuş materiallar nümayiş olunur. Kitabxananın fondlarında olan “Xocalı XX əsrin soyqırımı”, “Azərbaycan faciələrinin təqvimi”, “Genosid”, “Xocalı soyqırımı şahidlərin dilindən”, “Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti”, “Azərbaycan türklərinin Ermənistandan deportasiyası”, “Terror haqqında həqiqətlər”, “Azərbaycan faciələrinin təqvimi”, “Qarabağ”, “Ermənilər və həqiqət”, “Карабахский геноцид: Обреченный Ходжалы" və digər kitablar təqdim olunur.

Eyni zamanda, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan-Ermənistan münaqişəsinə 22 fevral 2018-ci il tarixinə olan məlumatı, həmçinin Xocalı faciəsi haqqında yerli və dünya mediasında əks olunan materiallar da sərgidə əks olunub.

Məlumat üçün qeyd edək ki, Xocalı faciəsi haqqında MEK-in fondlarında mövcud olan ədəbiyyat kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib. Faciənin qurbanları barədə məlumatlar isə MRY bazası daxilində yaradılmış “Siyahılar” kateqoriyasında yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.