www.science.az
23.02.2018 10:51

Milli coğrafiya məktəbinin əsasını qoyan tədqiqatçı alim

Azərbaycan coğrafiya elminin bugünkü nailiyyətlərində və bu elmin respublikanın sərhədlərindən kənarda qiymətləndirilməsində böyük xidmətlər göstərmiş görkəmli alim, Əməkdar Elm Xadimi, “Şərəf”, “Şöhrət” və “İstiqlal” ordenli akademik Budaq Budaqovun anadan olmasından 90 il keçir.

Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna rəhbərlik etmiş B.Budaqov respublikamızda coğrafiya elminin inkişafına dəyərli töhfələr verib. Onun tədqiqatlarının başlıca istiqamətlərini geomorfologiya, landşaftşünaslıq, paleocoğrafiya və toponimika məsələləri təşkil edir.

Akademik B.Budaqov 1928-ci ilin fevralın 23-də qədim Zəngibasar elinin Çobankərə kəndində doğulub, boya-başa çatıb. Orta təhsilini başa vurub 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olub və 1951-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Ölkəmizdə milli coğrafiya elmi məktəbinin bünövrəsini qoyan B.Budaqovun yüksək ensiklopedik biliyi, tədqiqatçı bacarığı olub. O, coğrafiya elminin bir çox sahələri üzrə böyük uğurlar qazanıb.

B.Budaqov keçmiş SSRİ Elmlər Akademiyası Coğrafiya İnstitutunun aspiranturasında oxuyub. O, 1955-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək görkəmli geomorfoloq alim N.Dimitraşkovun rəhbərliyi altında “Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və Azərbaycana ilk alim-geomorfoloq kimi qayıdıb. Dahilər demişkən, “Elmin nə sonu, nə də sərhədi olur”. Yalnız ona ürəkdən bağlananlar zirvəyə ucala bilirlər. Elmin zirvəsinə ucalmaq istəyənlər üçün həyatda əsasən üç şərt vacibdir: bilik, istedad, dözümlülük. Məşhur həmyerlimiz, akademik Lev Landau bu üç keyfiyyəti, elmdə həndəsi kateqoriyanın ayrılmaz hissələri adlandırıb. Bu vacib keyfiyyətin üçü də bilavasitə B.Budaqovun elmi yaradıcılıq fəaliyyətinin əsas prinsipi və qayəsi olub.

Tanınmış geomorfoloq alimin tədqiqatları əsasən respublikamızın Böyük Qafqaz bölgəsinə həsr olunub. O, Cənub-Şərqi Qafqazın şimal yamacında dəniz və çay terraslarını tədqiq edərək akkumulyativ və abrazion-akkumulyativ mənşəli Aşağı və Yuxarı Xvalın, Yeni Kaspi yaşlı dəniz terrasları ilə yanaşı, abrazion mənşəli Bakı və Xəzər yaşlı dəniz terraslarının da relyefdə çox yaxşı əks olunduğunu müəyyənləşdirib. Bu işə qədər bölgədə demək olar ki, xüsusi geomorfoloji axtarışlar aparılmamışdı. Bununla yanaşı, sıldırım yamaclar, başı qarlı-buzlu uca zirvələr, gözqamaşdırıcı dərin dərələr, gözlənilmədən baş verən uçqunlar, sellər, sürüşmələr və sərt keçidlər bölgənin öyrənilməsini çətinləşdirirdi. B.Budaqov bu çətinlikləri bilirdi. Onu da bilirdi ki, Böyük Qafqazın zəngin təbii ehtiyatlarının öyrənilməsi və mənimsənilməsi respublikamızın təsərrüfatının inkişafı üçün olduqca vacibdir. Bu məqsədlə B.Budaqov böyük həvəslə burada genişmiqyaslı tədqiqata başlayıb və ömrünün 30 ilindən çoxunu bu bölgənin öyrənilməsinə həsr edib. Hazırda Böyük Qafqazın geomorfologiyası, landşaftı, geotektonikası, təbiət hadisələri haqqında müasir elmi-nəzəri təsəvvürlərimiz məhz onun çoxsaylı tədqiqatlarına əsaslanır.

Alim Cənub-Şərqi Qafqazda Aşağı dördüncü dövrdə baş vermiş iki qədim buzlaşmanın izlərinin qalığını və üçüncü buzlaşmanın olmasının isə mümkünlüyünü əsaslandırıb. O, dağ-dərə buzlaqlarının 2400-2600 metr yüksəkliklərdən aşağı enmədiyini aşkarlayıb, Alp tipli dağ buzlaşmalarının əmələ gəlməsinə səbəb dördüncü dövrdə iqlimin kəskin soyuması və yeni tektonik mərhələdə baş verən intensiv hipsometrik qalxmalar olduğunu göstərib.

Böyük Qafqaz dağlarında ən uca Kəm yaylağında alimləri çoxdan düşündürən qədim Moren çöküntülərinin mövcudluğunu ilk dəfə Budaq müəllim kəşf edib. Bununla da, o, Böyük Qafqaz regionunda geoloji təkamüllə coğrafi örtüyün inkişaf tarixi arasındakı qarşılıqlı asılılığın elmi əsasını izah edib.

Akademik, həmçinin dağlıq ərazilərin ən mühüm təbii dağıdıcı proseslərindən olan sel və sürüşmələrin fundamental tədqiqatçısıdır. Sellərin yaranması və inkişafının geomorfoloji problemlərinin tədqiqinə 1959-cu ildə başlayan B.Budaqov Böyük Qafqazın cənub yamacında Kişçay və Kürmükçay hövzələrində sellərin üç genetik tipini - struktur, daşlı və palçıqlı selləri ayırıb. O, sel materiallarının tərkibini, həmçinin sel ocaqlarını tədqiq edib, özündən əvvəlki müəlliflərdən fərqli olaraq müasir dövrdə bu təbii dağıdıcı prosesin daha sürətlə inkişaf etdiyini sübuta yetirib. Tədqiqatçı sel təhlükəsi dərəcəsinə görə Azərbaycanın rayonlaşma sxemini tərtib edib və sellərin inkişaf proqnozunu verib. Bu tədqiqatın ərazinin sellərdən mühafizə edilməsi tədbirlərinin hazırlanmasında çox böyük əhəmiyyəti var.

Görkəmli alimin sürüşmələrin tədqiqindəki xidmətləri də əvəzedilməzdir. O, Cənub-Şərqi Qafqazda çox geniş yayılmış sürüşmələrin genetik təsnifatını verməklə onların tektonik-qravitasion-blok, sürüşmə-uçqun, sürüşmə-axın (işğın) kimi üç tipini ayırıb. Hər bir sürüşmə tipinin ərazinin iqlimi və geoloji-geomorfoloji quruluşu ilə sıx əlaqədə olduğunu əsaslandırıb.

Gərgin çöl-tədqiqatlarının nəticələrini ümumiləşdirərək tədqiqatçı müasir dövrdə sürüşmələrin daha intensiv inkişaf etdiyini, Tuğçay-Tudarçay xəttindən şərqə doğru isə tədricən bu proseslərin söndüyünü müəyyənləşdirib. Bu elmi-nəzəri ümumiləşdirmənin çox böyük elmi-praktiki əhəmiyyəti vardır. B.Budaqov sürüşmələrin daha intensiv inkişaf etdiyi hövzələrin irimiqyaslı geomorfoloji xəritələrini tərtib etməklə ayrı-ayrı sürüşmələrin dərin elmi təhlilini verib. Sonradan tədqiqatlarını daha da genişləndirərək bütün Azərbaycan ərazisində sürüşmələrin inkişaf xüsusiyyətlərini araşdırıb və onların inkişaf intensivliyinə görə çox böyük təcrübi əhəmiyyəti olan rayonlaşma xəritə-sxemini hazırlayıb. Bu tədqiqatlar zamanı onun sürüşmələrlə mübarizə məqsədilə təklif etdiyi meliorativ-geomorfoloji tədbirlər isə ölkədə konstruktiv-tətbiqi tədqiqatların bünövrəsi rolunu oynayıb.

Alp tipli dağlıq ölkələrin geomorfologiyasının ən aktual və mübahisə doğuran problemlərindən biri də düzəlmə səthlərinin tədqiqi və onun nəticələrinin elmi-nəzəri interpretasiyasıdır. B.Budaqov bu elmi problemə də çox diqqətlə yanaşıb və 1950-ci illərin ortalarından başlayaraq Böyük Qafqazın Azərbaycan hissəsinin şimal yamacı daxilində düzəlmə səthlərinin tədqiqi ilə məşğul olub. O, həmçinin Böyük Qafqazın düzəlmə səthlərini Kiçik Qafqaz və Alp qırışıqlığı zonasının digər dağlarındakı düzəlmə səthləri ilə müqayisəli təhlilini aparıb. Həmçinin dağlıq ölkələrdə relyefin formalaşmasında endogen və ekzogen relyef əmələgətirici proseslərin qarşılıqlı əlaqəsini təhlil edib və müvafiq elmi fikirlər söyləyib.

B.Budaqov sübut edib ki, Böyük Qafqazda dağlıq relyefi şarmat əsrindən sonra son 9 milyon il ərzində yaranıb. Bu tarixi, elmi tapıntı bütün Qafqaz tədqiqatçıları tərəfindən bəyənilib və bütünlüklə Qafqazın geotektonik inkişaf mərhələsinin başlanğıcı kimi qəbul olunub.

Alim 1970-ci illərin ikinci yarısından başlayaraq həmkarları ilə birgə morfostruktur tədqiqatlarda aero və kosmik şəkillərin deşifrlənmə materiallarını geniş tətbiq etməyə başlayıb. Aparılan genişhəcmli tədqiqatlar nəticəsində əvvəlcə Böyük Qafqazın Azərbaycan hissəsində, sonra isə Kiçik Qafqazda və qonşu ərazilərdə struktur geomorfoloji deşifrlənmə materialları əsasında müxtəlif mənşəli və dərinlikli tektonik qırılmalara uyğun gələn və qanunauyğun istiqamətlənmiş, mürəkkəb qövsvari, xətti və dairəvi lineamentlər şəbəkəsi müəyyənləşdirilib. Alp tipli orogen zonasına uyğun gələn bu ərazilərdə qırışıq, qırışıq-qayma, şaryaj, qırışıq-üstəgəlmə və s. mənşəli morfostrukturlar ayrılıb, yeni litosfer tavaları nəzəriyyəsinə əsaslanmaqla onların geodinamiki inkişaf mərhələlərinin səciyyəvi xüsusiyyətləri müəyyənləşdirilib.

B.Budaqov Böyük Qafqazın müasir relyefinin yaranmasında yer qabığında baş verən neotektonik hərəkətlərin əsas rol oynadığını göstərməklə yanaşı, müəyyən geoloji əsrlər üzrə bu hərəkətlərin başvermə xarakterini, dinamikasını, onların kəmiyyət və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Alimin əldə etdiyi yeni elmi uğurları onu müasir coğrafiya elminin mürəkkəb problem məsələlərinin həllinə cəlb edib. Onun dördüncü dövr geologiyası və paleocoğrafiyası üzrə apardığı tədqiqat işləri nəticəsində Böyük Qafqazın yüksək dağlıq zonasında dördüncü dövr buzlaşmalarının hərtərəfli öyrənilməsi üçün əsas yaradıb. Topladığı zəngin faktik materiallar əsasında buzlaşma haqqında mövcud olan mübahisələri həll etməyə nail olub, qədim buzlaşmaların sayını, yaşlarını və sərhədlərini dəqiqləşdirib. O, inandırıcı dəlillərlə sübut edib ki, qədim buzlaşmalardan başlayaraq cavan buzlaşmaya doğru qar xətti tədricən yuxarı qalxıb. Budaq müəllim bu təbii prosesin əsas səbəbini iqlimin qlobal quraqlaşma və soyuqlaşma istiqamətində inkişaf etməsində görüb.

Azərbaycanda yeni tektonik hərəkətlərin başlandığı dövrün müəyyənləşdirilməsi həmişə böyük mübahisələr doğurub. Xüsusilə Şahdağ massivində tapdığı üst sarmat yaşlı fauna qatlarına əsaslanmaqla bu ərazi relyefinin formalaşmasında son həlledici dönüşün - yeni tektonik hərəkətlərin başlanma sərhədinin üst sarmat olduğunu əsaslandırır. Bu isə əvvəlki tədqiqatçıların müəyyənləşdirdikləri həddən xeyli fərqlənir. Beləliklə, B.Budaqov Azərbaycanda relyefin çoxəsrlik inkişaf dinamikasına və geoloji təkamülünə dair qaranlıq elmi fikirlərə coğrafi aydınlıq gətirib.

B.Budaqovun Böyük Qafqazın tədqiqində istifadə etdiyi orijinal üsullar və irəli sürdüyü elmi-metodiki konsepsiyalar respublikamızın digər dağlıq bölgələrində də müvəffəqiyətlə sınaqdan keçirilib və bu bölgələrin geomorfoloji və palecoğrafi problemlərinin həllində mühüm rol oynayıb. Onun bilavasitə təşəbbüsü ilə 1967-ci ildə keçmiş SSRİ-də birinci dəfə Coğrafiya İnstitutunda landşaftşünaslıq və coğrafi fikir tarixi şöbələri yaradılıb. Hazırda landşaftşünaslıq şöbəsində böyük elmi potensiala malik sanballı elmi məktəbin yaranması B.Budaqovun adı ilə bağlıdır.

O, Azərbaycanda geomorfoloji-landşaft xəritələşdirmə prinsiplərinin hazırlanmasının bünövrəsini qoyan ilk tədqiqatçılardan biridir. Onun Böyük Qafqazın ayrı-ayrı hissələri üçün ilk dəfə tərtib etdiyi irimiqyaslı geomorfoloji xəritələr elmə verilmiş çox böyük töhfələrdir. Bütövlükdə Cənub-Şərqi Qafqaz üçün tərtib edilmiş xəritə isə ərazinin çox mürəkkəb relyefini tam dolğunluqla əks etdirən fundamental elmi əsərdir.

Alimin 1973-cü ildə nəşr etdirdiyi “Cənub-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası” monoqrafiyası keçmiş SSRİ-də böyük əhəmiyyətə malik olan fundamental əsər kimi qiymətləndirilib. Bu əsərə görə müəllif SSRİ Coğrafiya Cəmiyyətinin Nikolay Prjevalski adına Qızıl medalına layiq görülüb. Onun ali məktəblər üçün nəşr olunan “Ümumi geomorfologiya” dərsliyi isə yüzlərlə gənc geomorfoloq kadrın hazırlanmasına xidmət göstərib.

Ensiklopedik təfəkkürə malik olan B.Budaqov coğafiyanın digər sahələri üzrə də çoxprofilli tədqiqat aparan alimdir. O, Azərbaycanda landşaftşünaslıq elminin inkişafının bünövrəsini yaradan və bu sahədə böyük təşkilatçılıq göstərən görkəmli elm xadimidir. Onun iştirakı və rəhbərliyi ilə respublikanın ayrı-ayrı təbii regionlarında böyük və orta miqyaslı landşaft xəritələşməsi aparılıb, landşaftların coğrafi differensiya xüsusiyyətləri hərtərəfli tədqiq olunub. Alim landşaftşünaslıq elminin bir çox elmi-nəzəri problemlərinə də çox böyük diqqətlə yanaşıb. Onun planetin landşaft qabığının təsnifatı barədə elmi-nəzəri baxışları keçmiş SSRİ-də yüksək qiymətləndirilən nəzəri ümumiləşdirmədir. O, landşaftların təsnifat sxemini daha da təkmilləşdirərək Yer kürəsində landşaftları meqasinif-mezosinif, yarımsinif-tip-yarımtiplərə bölməyi daha məqsədəuyğun sayıb. Təklif etdiyi təsnifat sxemini tətbiq etməklə iqlim ehtiyatlarını nəzərə almaqla landşaft tipləri və fiziki-coğrafi rayonlaşdırma xəritəsini nəşr etdirib. B.Budaqov, həmçinin Zaqafqaziyanın ortamiqyaslı landşaft xəritəsinin əsas müəlliflərindəndir.

B.Budaqov Azərbaycan üçün səciyyəvi olan palçıq vulkanlarının geniş yayıldığı ərazilərin landşaftlarının yaranması, inkişafı, differensiasiya və transformasiya qanunauyğunluqlarının ilk tədqiqatçısıdır. Bu tədqiqatlar nəticəsində ilk dəfə palçıq vulkanlarının irimiqyaslı landşaft və geomorfoloji xəritələri tərtib edilib.

Onun rəhbərliyi ilə bilavasitə iştirakı ilə Azərbaycanın bütün ərazisi üçün müxtəlif miqyaslı landşaft-geomorfologiya xəritələri hazırlanıb, o cümlədən landşaftın differensialında yeni textonikanın rolu, landşfatın geokimyası, landşfatın təsnifatı, insanların təsərrüfat fəaliyyəti nəticəsində landşaft dəyişmələri, aerokosmik deşifrlənmə sahəsində mühüm elmi nailiyyətlər qazanıb.

B.Budaqov respublikamızda konstruktiv və regional coğrafi istiqamətlərin yaradıcılarından sayılır. Onun rəhbərliyi və yaxından iştirakı ilə Azərbaycanın çoxcildli “Konstruktiv coğrafiyası” monoqrafiyası hazırlanıb. Bu əsərdə Azərbaycanın bütün mövcud təbii ehtiyatları, onların potensial imkanları və səmərəli istifadə yolları geniş şərh olunub.

Akademik B.Budaqovun müasir dağ landşaftlarının formalaşmasına və inkişafına neotektonik hərəkətlərin təsirinin öyrənilməsi ilə ciddi məşğul olub. Bu problemə aid 1969-cu ildə nəşr etdirdiyi “Yeni tektonik hərəkətlərin Cənub-Şərqi Qafqazın landşaft komplekslərinin formalaşmasına təsiri” sərlövhəli ilk məqaləsi elmi problemin qoyuluşu və həll olunması cəhətindən mütəxəssislərin diqqətini cəlb edib. Daha sonra bu sahədə tədqiqatlarını daha da dərinləşdirən tədqiqatçı alim 1985-ci ildə yenidən “Yeni tektonika ilə əlaqədar Cənub-Şərqi Qafqazın landşaftlarının formalaşması və inkişafı” adlı fundamental elmi monoqrafiya nəşr etdirib. Bu əsər keçmiş SSRİ məkanında analoqu olmayan, mütəxəssislər tərəfindən problemin qoyuluşu və həll olunmasındakı prinsipial yeniliyə görə çox yüksək qiymətləndirilib.

Akademik dünya ictimaiyyətini narahat edən qlobal ekocoğrafi problemlər, o cümlədən səhralaşma, dünyəvi istiləşmə və təbiəti mühafizə sahələrində də mühüm yaradıcılıq işləri aparıb və dərin elmi əhəmiyyəti olan fikirlər söyləyib. Xüsusilə respublikamız üçün böyük təcrübi əhəmiyyəti olan ilk ekoloji-coğrafi rayonlaşdırma xəritəsini tərtib edib. Onun “Azərbaycanın təbii abidələri” əsəri xalqımızın elmi ekoloji mədəniyyətinin yüksəlməsində, təbiətə olan bağlılığın dərinləşməsində, ətraf mühitin qorunması işinin ümummilli təşkilində mühüm rol oynayıb. “Təbiəti qoruyaq”, “Azərbaycanın təbiət abidələri”, “Dözümlü, dözümsüz təbiət”, “Təbiət və poeziya" və digər monoqrafiyaları alimin təbiəti mühafizə problemlərinə çox böyük diqqət verdiyinə ən layiqli misallardır. Alimin 1990-cı ildə çoxillik tədqiqat materiallarına əsasən tərtib etdiyi “Azərbaycan ərazisinin ekoloji-coğrafi rayonlaşması xəritəsi” ekoloji tədqiqatların ilkin yekunu kimi çox böyük elmi-təcrübi əhəmiyyətə malikdir. Bu əsərdə o, ekoloji gərginlik yaradan kompleks amillərə əsaslanaraq respublika ərazisində ekoloji-coğrafi rayonlaşdırma aparıb.

Budaq müəllim türkdilli xalqların yaşadıqları ölkələrin, xüsusilə Azərbaycan toponimiyasının tədqiqinə geniş yer verib. Alimin təşəbbüsü ilə 1972-ci ildə Coğrafiya İnstitutunda tarixçi, dilçi və coğrafiyaçı mütəxəssislərdən ibarət toponimika şöbəsi yaradılıb. İndi həmin şöbənin bilavasitə elmi fəaliyyəti respublikada böyük siyasi əhəmiyyətli coğrafi problemlərin, həmçinin elmi-siyasi konsepsiyaların həll olunmasına çox böyük kömək edir. Onun Azərbaycan, ingilis və rus dillərində nəşr etdirdiyi “Türk uluslarının yer yaddaşı” monoqrafiyası Azərbaycan toponimika elminin böyük uğuru kimi qiymətləndirilir.

Akademik B.Budaqov məktəbinin uğurlu sorağı respublikamızın sərhədlərindən çox-çox uzaqlardan gəlir. Zaqafqaziya, Orta və Mərkəzi Asiya, Sibir, Türkiyə, Çin, İran, Hindistan və s. ölkələr arasında həmin məktəbin əsaslı “elmi körpüsü” yaranıb. Alimin rəhbərliyi altında 50-dən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb. O, orta və ali məktəblər üçün yazılmış bir sıra dərsliklərin müəllifidir.

Elmi-yaradıcılıq fəaliyyəti dövründə B.Budaqov respublikada və xarici ölkələrdə mindən çox əsər, o cümlədən 30 xəritə-atlas, 40 monoqrafiya çap etdirib, yüzdən çox əsərin elmi redaktoru, onlarla namizədlik və doktorluq dissertasiyasının rəsmi opponenti olub.

B.Budaqovun geniş, çoxcəhətli elmi-təşkilatçılıq fəaliyyəti elmi ictimaiyyət və dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Şərəf”, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.

Ramiz Məmmədov, Coğrafiya İnstitutunun direktoru, akademik

AZƏRTAG