www.science.az
22.02.2018 14:11

AMEA-da “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı təşkil edilib

Fevralın 22-də AMEA Rəyasət Heyəti və “Clarivate Analytics” agentliyi tərəfindən Akademiyanın 20 elmi müəssisəsinin əməkdaşları üçün “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı təşkil edilib.

Seminarı giriş sözü ilə açan AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva yüksək indeksli jurnallar, kitablar və digər nəşrləri özündə birləşdirən etibarlı baza kimi “Web of Science” məlumat platformasından istifadənin əhəmiyyətindən danışıb. O, baza haqqında ətraflı məlumatın və onunla əlaqədar alətlərlə iş üzrə nəzəri və praktik biliklərin əldə edilməsində sertifikasiya proqramının mühüm rolunu vurğulayıb.

Proqram “Clarivate Analytics” təşkilatının elmi informasiya resursları üzrə ekspertləri Aygün Babazadə və İrina Tixonkova tərəfindən aparılır və iştirakçılara “Web of Science Core Collection”ın yaranma tarixi, əsas prinsipləri, istinadların analizi, jurnalların seçilməsi, məlumat bazası, axtarış sorğusunun tərtib edilməsi, sorğunun dəqiqləşdirilməsi və axtarış nəticələrinin analizi, nəticələr üzərində iş, müəllif və istinad olunma göstəriciləri, “ResearcherID” istifadəçisinin profili və s. barədə ətraflı məlumat verilir.

İki gün davam edəcək seminarda iştirakçılara “Journal Citation Reports”un jurnallarına istinad üzrə illik hesabatlar, “Journal Citation Reports”un strukturu və interfeysi, “EndNote online” vasitəsilə biblioqrafiya üzərində iş, məlumat bazasında təşkilat üzrə genişləndirilmiş axtarış, “InCites” analitik platformasından istifadə qaydalarına dair məlumat veriləcək. 

Qeyd edək ki, proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və həmin mütəxəssislər işlədikləri təşkilatlarda “Web of Science” platforması üzrə məsul şəxs qismində fəaliyyət göstərəcəklər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.