www.science.az
22.02.2018 09:34

Milli Azərbaycan Tarixi Muzeyində AXC dövrünə aid pul vahidləri qorunub saxlanılır

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin bonistika kolleksiyasında Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünə aid pul vahidləri qorunub saxlanılır.

Müsəlman dünyasında ilk demokratik dövlət olan AXC-nin müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 1, 25, 50, 100, 250 və 500 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Аzerbaydjanskaya Respublika” ifadələri, nominal dəyəri və buraxıldığı tarix göstərilib.

AXC-nin bu sahədəki iqtisadi siyasəti onun milli valyutası olan manatın beynəlxalq miqyasda tanınması işinə yönəlmişdi. Məhz bu baxımdan Cümhuriyyətin Antanta dövlətləri tərəfindən tanınması nəzərə alınaraq 500 manatlıq əskinasın üzərində dövlətin adı və pulun dəyəri fransız dilində verilib.

Cümhuriyyətin kağız pul dövriyyəsi tarixinin maraqlı səhifələrindən biri də çox dəyərli sənədlərdən sayılan faizsiz və uduşlu 500 manat məbləğində istiqrazların buraxılışıdır. Bu istiqraz Azərbaycan hökumətinin icazəsi ilə Bakı İdarəsi tərəfindən 1919-cu il avqustun 20-də buraxılıb. Bu biletin üzərində istiqrazın buraxılması haqqında qanundan iqtibas, uduşun miqdarı, qaydaları və müddəti göstərilib.

Cümhuriyyət dövrünün pul vahidləri və istiqrazlar həmin dövrün öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir və öz tədqiqatçılarını gözləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.