www.science.az
20.02.2018 10:53

Nəsirəddin Tusinin həyat və yaradıcılığına həsr olunan elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin həyat və yaradıcılığına həsr olunan elmi konfrans keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək N.Tusinin həyat və yaradıcılığından, alimin qiymətli əsərlərinin dünya elmindəki yeri və rolundan bəhs edib. Qeyd edib ki, elmi astronomiya, riyaziyyat, fizika, həndəsə, fəlsəfə, pedaqogika, tibb, tarix, coğrafiya və digər sahələrdə əsərlər yaradan alimin zəngin yaradıcılığı ona dünya şöhrəti qazandırıb. İ.Hacıyev Nəsirəddin Tusinin təsis etdiyi Marağa Rəsədxanasının nüfuzlu elm mərkəzi kimi təkcə Şərq ölkələrində deyil, bütün dünyada tanındığını söyləyib: "Marağa Rəsədxanası qısa müddətdə astronomiya cihazlarına və 400 min nəşrin olduğu kitabxanaya malik böyük elmi mərkəzə çevrilib, orada elmin müxtəlif sahələrinə aid qiymətli əsərlər yazılıb".

Daha sonra bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyevin “Nəsirəddin Tusinin həyatı, fəaliyyəti və elmi irsi”, rəsədxananın şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin “Nəsirəddin Tusinin “Təhriri-Öqlidis” əsəri”, həmin müəssisənin elmi işçisi Ruslan Məmmədovun “Nəsirəddin Tusi və Marağa Rəsədxanası”, Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin “Nəsirəddin Tusi: elmi alim yaradır” və Əlyazmalar Fondunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Nəsirəddin Tusinin ədəbi-fəlsəfi irsi” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.