Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2018 11:51
  • A-
  • A
  • A+

“Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans keçirilib

Fevralın 20-də AMEA-nın Əsas binasında “Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

İctimai Elmlər BölməsininElm Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamını xatırladıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin bu gün müstəqil Azərbaycan Respublikasında dövlət, eləcə də beynəlxalq və türk dünyası səviyyələrində qeyd edildiyini vurğulayıb. Alim AMEA-da da “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində silsilə tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.

Akademik İ.Həbibbəyli Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə baş verən proseslərdən, elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən islahat və quruculuq işlərindən danışıb. Vurğulayıb ki, AXC-nin tarixinə münasibət heç də hər zaman birmənalı olmayıb. Belə ki, sovet hakimiyyəti illərində cümhuriyyətin tarixi təhrif edilib, vacib məqamlar gizlədilib, tarix saxtalaşdırılıb. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra cümhuriyyət tarixi ilə bağlı faktlar açıqlanıb, arxiv materialları aşkarlanıb və həqiqətlər ictimaiyyətə çatdırılıb. 1998-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin AXC-nin yaranmasının 80-ci ildönümü ilə əlaqədar imzaladığı Sərəncam bu işlərə güclü təkan və doğru istiqamət verib.

“Bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir” – deyən alim AXC-nin yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıb.

Sonra çıxış edən Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral AXC-nin yaranması və süqutunun səbəbləri, Türkiyə ilə münasibətlərdə yaranan məhdudiyyətləri ortaya çıxaran amillər, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası ilə yenidən gerçəkliyini qoruyan Azərbaycan-Türkiyə qardaşlığının hazırkı vəziyyətinə toxunub. Bildirib ki, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakını erməni-bolşevik işğalından azad etməsindən 100 il ötür. Həmin gün Azərbaycan xalqının tarixində böyük dəyərə malik səhifə kimi əbədiləşib və daim xatırlanır. 

“Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan ortaq qəhrəmanlıq salnaməsidir” – deyən səfir qeyd edib ki, Türkiyə dövlətinin qurucusu, qazi Mustafa Kamal Atatürk və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri əsrlərboyu xalqlarımız tərəfindən ehtiramla yad olunacaq. Diqqətə çatdırılıb ki, müasir dövrdə Prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğu və qardaşlığı sayəsində ölkələrimiz sürətlə inkişaf etməkdədir. Ölkələrimiz və xalqlarımız tarixin bütün dövrlərində olduğu kimi indi də həmişə bir-birinin yanındadır.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova isə çıxışında AXC dövründə parlamentin yaradıldığını və ölkədə respublika idarəçilik formasının seçildiyini bildirib. O, Azərbaycan Respublikasının AXC-nin mənəvi, hüquqi varisi olduğunu bildirib və alimlərimizin bu dövrlə bağlı aşkarlanmayan faktları üzə çıxarmalarının zəruriliyini vurğulayıb.

Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli “Azərbaycan təhsilində tarixi varislik” mövzusunda məruzə ilə çıxış edib. O, AXC hökumətinin təhsil siyasəti, təhsil almaq üçün xarici ölkələrə göndərilən gənclər haqqında məlumat verib. 

Konfrans məruzə və çıxışlarla davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.



  • Paylaş: