www.science.az
19.02.2018 11:19

Akademik Asəf Hacıyev Bolqarıstanda elmi ezamiyyətdə olub

AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, akademik Asəf Hacıyev 14-15 fevral 2018-ci il tarixlərində Bolqarıstan Riyaziyyat İttifaqının dəvəti ilə bu ölkəyə səfər edib.

O, fevralın 14-də Bolqarıstan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutunda keçirilən Milli Riyaziyyat Kollokviumunda iştirak edib. Azərbaycanlı alim kollokviumda ”Ehtimal nəzəriyyəsində paradoksal nəticələr və onların tətbiqi” mövzusunda məruzəsini təqdim edib.

Akademik A.Hacıyev Bolqarıstanın Riyaziyyat İttifaqının yaradılmasının 120-ci ildönümünə həsr olunan təntənəli yubiley tədbirində də iştrak edib. Mərasimə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radov, bu ölkənin baş nazirinin müavini, parlament sədrinin müavini, nazirlər və digər rəsmi şəxslər qatılıblar.

Səfər çərçivəsində A.Hacıyev, həmçinin Avropa Riyaziyyat Cəmiyyətinin sədri, prof. Pavel Eksner və akademik Blaqovest Sendovla da görüşüb. Görüşdə birgə əməkdaşlıq perspektivləri, Azərbaycan Riyaziyyat Cəmiyyətinin bu İttifaqa üzv olması məsələləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.