www.science.az
18.02.2018 12:37

Əlilliyə səbəb olan qlaukoma əhali arasında geniş yayılmaqdadır

Azərbaycanda 10 illik dövr ərzində böyüklər arasında görmə orqanı xəstəliklərinin yayılmasına görə Sumqayıt şəhəri və Göyçay rayonu ön pillələrdə yer alıb. Respublika ərazisində on üç yaşadək uşaqlarda miopiya, böyüklər arasında isə miopiya ilə yanaşı, qlaukoma, katarakta, korluq, zəifgörmə geniş yayılıb. Əhali arasında oftalmopatalogiyanın pay bölgüsünə əsasən, 10 yaşadək uşaqlarda 35 faiz nəticə ilə refraktion patologiya, 18 yaşdan yuxarı sakinlərdə isə 22 faizlə katarakta xəstəliyi üstünlük təşkil edir. Zəifgörmə və korluq Şamaxı, Kürdəmir, Lerik və Qax rayonlarında yaşayan sakinlər arasında geniş yayılıb.

Bu sözləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyada çıxışı zamanı söyləyib.

“Əlilliyə səbəb olan qlaukoma əhali arasında geniş yayılmaqdadır. Görmə orqanının bu xəstəliyinin respublika üzrə yayılması 14,5-18,7 faiz təşkil edir. Hazırda ölkəmizdə 22 min 256 nəfər qlaukomaya məruz qalmış xəstə var. Mərkəzdə qeydiyyatda olanların sayı 15 min 265 nəfərdir. Bölgələrdə isə bu rəqəm 914-ə bərabərdir. Xəstəliyin terminal mərhələsinin olduğu xəstələr birinci, ikinci, üçüncü qrup əlil hesab edilirlər. Onların hər hansı bir iş fəaliyyəti ilə məşğul olması mümkünsüzdür. Dövlət tərəfindən onlara pensiya ayrılır. Qlaukomalı xəstələr üçün yüksək səviyyəli dispanzerizasiyanın və müalicənin tətbiqi olduqca vacibdir. Bu xəstəliyin ən geniş yayılmış növü 67 faizlə birincili, yəni açıqbucaqlı qlaukomadır”, - deyə direktor qeyd edib.

E.Qasımov kataraktanın da əhali arasında geniş vüsət aldığını bildirib: “Katarakta xəstəliyinə Cəlilabad rayonunda daha çox rast gəlinir. Göz zədələrinin intensiv göstəricisi isə Bakı, Salyan, Ağdaşda aşkarlanıb. Bununla əlaqədar mərkəzə təcili tibbi yardımla gələnlərin 70 faizi gənc nəslin nümayəndələridir. Onlar müalicə və əməliyyatdan sonra öz iş fəaliyyətlərini davam etdirə bilirlər. Görmə orqanı zədələrinə böyüklərdə 59, uşaqlarda 72 faiz rast gəlinir ki, bunun da əksəriyyətini çox ağır dəlib keçən yaralanmalar təşkil edir. Əgər, həmin şəxslər vaxtında düzgün müalicə almazlarsa, bu, əlilliklə nəticələnir”.

Akademiyanın müxbir üzvü deyib ki, ötən il mərkəzə 33 min 639 nəfər müraciət edib. Onlardan 13 mini birincili, 21 minə yaxını isə ikincili xəstələrdən ibarət olub.

Professor vaxtından əvvəl doğulmuş körpələrdə prematorial retinopatiya müayinəsinin aparılmasının çox önəmli olduğunu vurğulayıb. Bir neçə tibb ocaqları ilə bağlanmış müqaviləyə əsasən 402 uşaq müalicə olunub, 147-si isə ikincili müalicə alıblar.

Mərkəzin direktoru səyyar klinikaların fəaliyyətinə toxunaraq deyib ki, belə klinikalarda 36 min 645 nəfərə baxış keçirilib, 6 minə yaxın cərrahi əməliyyat icra olunub.

Elmar Qasımov çıxışı zamanı aprelin 28-də akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş böyük konfransın təşkil ediləcəyini, tədbirdə bir neçə xarici ölkə nümayəndələrinin iştirakının gözlənildiyini diqqətə çatdırıb. “Bu münasibətlə dəmiryolu səyyar klinikasının açılması nəzərdə tutulub. Məqsəd Gürcüstan, İran, Rusiya ilə sərhəd rayonlarında fəaliyyət göstərmək, orada yaşayan azərbaycanlı nümayəndələri dəvət edərək klinikada baxış və əməliyyatlar keçirməkdir. Həmin səyyar klinikalarda birdəfəyə 3 xəstə üzərində cərrahi əməliyyat aparmaq olacaq”, - deyə direktor qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.