www.science.az
16.02.2018 11:12

Dilimiz, nitqimiz və qayğılarımız

Dilimizin ifadə imkanlarına söz ola bilməz. Dünyanın ən qəliz mətləblərini bu dildə ifadə etmək, əlbəttə ki, mümkündür.

Elmin hər hansı sahəsindəki yeni və mürəkkəb bir mətləbi oxucuya çatdırmağa çətinlik çəkiriksə, bunun günahı dildə yox, özümüzdədir. Özümüzün bu yerdə həqiqətən günahkar olmağımıza inanmaq üçün çox da uzağa getməyib Azərbaycan dili ilə eyni dil qrupuna mənsub olan Türkiyə türkcəsini xatırlatmaq kifayətdir. Osmanlı imperiyası dağılandan sonra Avropanın təzyiqləri qarşısında duruş gətirən və dövlət müstəqilliyini qoruyub saxlamağı bacaran Türkiyə torpaq uğrunda necə mücadilə apardısa, dil uğrunda da o cür mücadiləyə başladı. Türkiyənin dil savaşında başlıca məqam çoxdan başlamış ərəb-fars və yenicə başlamış ingilis-fransız dil əsarətindən yaxa qurtarmaq, Türkiyə türkcəsini elmin bütün sahələrində sınaqdan çıxarmaq və püxtələşdirmək idi. Bu yolda, əlbəttə, müəyyən səhvlər də buraxıldı, amma ümumi nəticə ana dilinin xeyrinə oldu - Türkiyə türkcəsi fəlsəfə, psixologiya, estetika, riyaziyyat, kibernetika, fizika, kimya və s. kimi elm sahələrində ardıcıl işlənə-işlənə elmi üsluba xas ifadə imkanlarını ölçüyəgəlməz dərəcədə zənginləşdirdi. Əgər belədirsə, onda Türkiyə nümunəsi də göstərir ki, ifadə imkanları geniş olan dilin daha da inkişaf etdirilib zənginləşdirilməsi normal və zəruri bir prosesdir. Bu zəruri prosesə sovet dövründə bizim biganə qalmağımızı söyləmək, söz yox ki, doğru olmazdı. Sovet dövründə fəlsəfə, psixologiya, estetika, riyaziyyat, kibernetika, fizika, kimya... kimi elm sahələrinə aid dərsliklərimiz yazılıbsa, çox da inkarçı mövqe tutmağa dəyməz. Və biz də inkarçı mövqe tutmuruq. Sadəcə olaraq bildirmək istəyirik ki, müxtəlif sahələrə aid elmi ədəbiyyatı rus dilində asanca tapıb oxuyacağımıza əmin olmağımız sovet dövründə bizi arxayın salıb, tutalım, ana dilində fəlsəfə və kibernetika sahəsində onlarla kitab yazıb ortaya çıxarmaq əvəzinə, biz cəmi-cümlətanı beş-on kitab yazıb ortaya çıxarmışıq. Beş-on ala-çiy kitabla fəlsəfəni və kibernetikanı Azərbaycan dilinə doğmalaşdırmaq, Azərbaycan dilinin canına hopdurmaq, təbii ki, mümkün olmayıb. Sovet dövründə bədii ədəbiyyatımız Azərbaycan dilində yazıldığına, qəzet və jurnallarımız Azərbaycan dilində çıxdığına, radio-televiziyamız ana dilində danışdığına görə funksional üslublar içərisində bədii üslub və publisistik üslub daha çox inkişaf etmək imkanı qazanıb. Təəssüf ki, bu gün dil qayğılarından bəhs edərkən nöqsanların yol verildiyi sahələrdən biri kimi mətbuat orqanlarının, radio və televiziyanın adı çəkilir və bu sahə dil baxımından haqlı olaraq tənqid olunur. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” ölkə başçısının sərəncamında deyilir: “Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi, bir qayda olaraq, yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir”. Bu gün publisistik üslubda, yəni ən inkişaf etmiş üslublardan birində belə qarşıya çətinliklərin çıxmasından danışırıqsa, bu, o deməkdir ki, digər üslublarda görüləsi işlərimiz hədsiz dərəcədə çoxdur. Əlbəttə, həcmcə o qədər də böyük olmayan bir yazıda dilimizin funksional üslubları ilə bağlı görüləsi işlərdən xüsusi söhbət açmaq fikrimiz yoxdur. Bu yazıda başlıca niyyətimiz ictimai fikrin ifadəsi olmaqla həm bədii, həm də elmi üslubdan müəyyən cəhətləri götürüb özündə birləşdirən publisistikanın, ən çox isə radio-televiziya jurnalistikasının dillə bağlı qayğılarından bəhs etməkdir.

Müstəqillik şəraitində əl-qolu müqayisə olunmayacaq dərəcədə açılan və yaradıcılıq axtarışları aparmağa geniş meydan tapan jurnalistikamız dilin səlisliyi, üslubun əlvanlığı baxımından bu gün necə görünür, necə təsir bağışlayır? Suala nihilistcəsinə cavab vermək və bu gün mətbuatımızda, radio-televiziyamızda çalışan istedadlı jurnalistlərin əməyini qiymətləndirməmək insafsızlıq olardı. Bəli, istedadlı jurnalistlərimiz var və onlar bir tərəfdən hadisələrə ayıq-sayıq yanaşmaq bacarığı ilə fərqlənirlərsə, digər tərəfdən hadisələri yeni forma və üsullarla təhlil etmə səriştəsi ilə fərqlənirlər. Çağdaş jurnalistikamızda imzalar içində imzası olan qələm sahiblərinə dərin ehtiramımızı bildirib onu da qeyd etməyi vacib bilirik ki, bugünkü qəzet-jurnal və radio-televiziya bolluğunda öz işinin öhdəsindən layiqincə gələ bilməyən jurnalistlərlə də tez-tez qarşılaşırıq. İstedadlı jurnalistlərin dil və üslub xeyrinə bəhrələndiyi sərbəstlik imkanından, çox təəssüf ki, naşı jurnalistlər bir çox hallarda ümumi işin ziyanına istifadə edirlər. Ziyanlı saydığımız cəhətlərdən biri ağına-bozuna baxmadan ədəbi dil normalarının müxtəlif səviyələrdə pozulmasıdır. Radio və televiziya verilişlərində ədəbi dil normalarının fonetik səviyyədə pozulması ən sıravi dinləyici və tamaşaçının belə diqqətindən yayınmır. Əlbəttə, heç kim radio və televiziya jurnalistindən bütün sözlərin yazıldığı kimi tələffüz olunmasını tələb etmək fikrinə düşməz. Tələffüz qaydalarını əks etdirən orfoepiya (və yaxud orfofoniya) lüğətini hazırlamağı (dilçilərimizin görəcəyi son dərəcə vacib bir işi) jurnalistlərin öhdəsinə buraxmaq da heç kimin ağlına gəlməz. Dinləyici və tamaşaçının jurnalistdən tələffüz məsələsi ilə bağlı umduğu sadə bir şeydir: məhəlliçiliyə, əyalətçiliyə yol verməmək. AMEA Nəsimi adına Dilçilik İnstitutu əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları Aytən Bəylərova və Təranə Şükürovanın Azərbaycan Televiziyası üzrə apardığı monitorinqin nəticələrinə əsaslansaq, efirdə çoxlu dil xətalarına, o cümlədən, tələffüz pozuntularına yol verildiyini təsdiq etmiş olarıq. Tutalım, “getdik”, “dayanırıq” sözlərini, “sabahınız xeyir” cümləsini efirdə düzgün tələffüz etmək lazımdırsa, bundan ötrü orfoepiya lüğətinə baxmağa elə bir ehtiyac yoxdur. Sadəcə nəzərə alınmalıdır ki, jurnalistin çox sərbəstcəsinə efirdən səsləndirdiyi “getdük”, “dəyanırıx”, “sabohuvuz xeyir” tələffüz forması məhz məhəlliçilik, əyalətçilik əlamətidir. Hər hansı bölgənin dialekt və şivəsinə məxsus tələffüz şəklini efirə gətirmək heç də jurnalistin güman etdiyi effekti vermir. “Sabohuvuz xeyir” deməklə təbiilik effekti yaratmaq istəyən jurnalist əslində, tələffüz pərakəndəliyinə və qarışıqlığına rəvac vermiş olur. Halbuki dilin təbiiliyi kimi vacibdən vacib və zəruri bir şərtə əməl etməyin bədii və publisistik üslublarda çoxdan sınaqdan çıxmış yolu var. Bu yol heç də hər hansı bölgəyə məxsus danışıq tərzinə əsaslanmaqdan yox, ümumxalq danışıq tərzinə əsaslanmaqdan, şifahi nitqdə normativliyi gözləməkdən keçir. Şifahi nitqdə ədəbi dilə məxsus normativliyi gözləməyin nə qədər mühüm məsələ olmasını xalq ədəbiyyatı, xüsusən bu ədəbiyyatın nəzmlə olan qolu açıq-aydın göstərir. Məgər xalq şeiri örnəklərimizin hərəsi bir bölgənin ləhcəsindəmi bizə gəlib çatıb? Masallının Halay məclislərində, Zaqatalanın tənbur yarışmalarında, Naxçıvanın Haxışta və Gülümey mərasimlərində bayatılar məgər ləhcədəmi oxunur? Eyni bayatının ayrı-ayrı regionlarda Masallı-Lənkəran, Şəki-Zaqatala və yaxud Naxçıvan-Təbriz ləhcəsində oxunması səciyyəvi haldırmı? Əlbəttə, yox. Orfoqrafiya və orfoepiya lüğəti haqda heç bir təsəvvürü olmayan şifahi söz ifaçılarında belə normativliyi mümkün qədər qoruyub saxlamaq bir ənənəyə çevrilib. Belə bir ənənənin bugünkü ədəbi dilimiz üçün nə qədər mühüm əhəmiyyət daşımasına diqqəti yönəldən görkəmli ədəbiyyatşünas Məmməd Cəfər Cəfərov 1976-cı ildə yazdığı “Dil və müasirlik” məqaləsində deyir: “Necə olmuşdur ki, dilin qayda-qanunları, qrammatik quruluşu, fonetik-morfoloji xüsusiyyətləri, tələffüz formaları nəzəri cəhətdən, Azərbaycan dilçilik elmi baxımından işlənmədiyi dövrlərdə belə nəinki ədəbi-bədii dilin yazı qolunda, ondan daha artıq bədii dilin şifahi qolunda da təbii yol ilə belə bir normalaşma, belə bir dil ümumiliyinə doğru səy (ləhcə, dialekt, şivə təsirinə qapılmadan ümumişlək söz və ifadələri ön plana çəkmək səyi) əmələ gəlmiş, çox sonralar Azərbaycan dilçiliyi elmində əsaslandırılan qanunların, normaların çoxu dəqiq gözlənilmişdir?

Necə olmuşdur ki, nəinki ədəbi-bədii dilin yazılı qolunu davam etdirən klassiklərimiz, eləcə də zəngin şifahi poetik irsin yaradıcıları, həm də əksəriyyəti savadsız olan, məktəb, mədrəsə görməyən aşıqlarımız, dilin bütün gözəl xüsusiyyətlərini, ritmini, ahəngini, musiqisini, səlisliyini, estetik cəhətini ifadə edən bayatılarımızı qoşan savadsız ana-bacılarımız ötən əsrlərdə heç kitabda yazılmayan doğma dil normalarını belə diqqətlə gözləmişlər?

Bu təbii normalaşma prinsipi haradan götürülmüşdür?

Şübhəsiz ki, doğma dilin öz təbiətindən, xüsusi sistemindən və dil ümumiliyini gözləmək qayğısından!” Məmməd Cəfər müəllimin sözünə qüvvət verib qeyd edək ki, şifahi şəkildə yaranıb şifahi şəkildə nəsildən-nəsilə ötürülən xalq ədəbiyyatında hər hansı nümunəni cilalayıb təkmilləşdirmə qanunauyğunluğu, heç şübhəsiz, dil amilini də əhatə edir. Folklor nümunəsi məzmun və formaca cilalanarkən həm də “dil ümumiliyi” baxımından cilalanıb ortaya çıxır. Belə olmasaydı, Təbrizdə, Şəkidə, Şirvanda yaranmış bayatıların dialekt və şivə sözləri üstündə, yerli tələffüz formaları əsasında qafiyələnməsi geniş miqyas alardı və o bayatıları aydın başa düşməkdən yana tez-tez dialektoloji lüğətə baxmalı olardıq.

Məmməd Cəfər müəllimin bir az əvvəl xatırlatdığımız məqaləsində, konkret olaraq səhnəmiz və efirimiz üçün nəzərdə tutulan, səhnəmiz və efirimizdə tələffüz qaydalarını pozmağın yolverilməz olmasını böyük narahatlıq hissi ilə ifadə edən mülahizələr də vardır: “Nə yazıçı, nə aktyor personajın dilinə gəlibdi əvəzinə gəlitdi, qorxuram əvəzinə qorxeyrəm, götürsək əvəzinə götürsoq, məşhur əvəzinə manşır, ey əvəzinə ayə, budur ha əvəzinə budüva kimi yanlış tələffüz edilən sözlər verməklə tip yarada bilməz. Tarixdə böyük söz ustalarından, böyük aktyorlardan heç biri nə yazıda, nə şifahi nitqdə belə yol tutmamışdır. Elə güman etmək olmaz ki, söz sənətində və ya aktyor sənətində tipi “loru” dildə danışdırmaq xəlqilik, həyatilik, ədəbi dildə danışdırmaq isə qeyri-xəlqilik, qeyri-həyatilikdir”. Məmməd Cəfər müəllimin bu mülahizələrində ifadə olunan nigaranlıq və narahatlıq tələffüz normalarının səhnədə və efirdə pozulmasına bəzən yazıçıların, rejissorların belə rəvac verməsi ilə bağlıdır. Televiziya verilişində aparıcının “sabohuvuz xeyir” deməsi səhər-səhər adamda xoş ovqat əvəzinə dilxorçuluq yaradırsa, səhnədə və efirdə tələffüz pərakəndəliyi və qarışıqlığının arxasında yazıçı və rejissorlar dayanırsa, təbii ki, bu vəziyyət adamı ciddi düşünməyə vadar edir. Düşünürsən ki, otuz-qırx il bundan qabaq efirdə ara-sıra qarşılaşdığımız məhəlli tələffüz faktlarının bu gün efirdə ayaq açıb yeriməsi nitq mədəniyyəti ilə bağlı nizamlayıcı tədbirlərin qaçılmazlığı zərurətini ortaya çıxarır.

Ayrı-ayrı bölgələrə aid tələffüz hallarının efirə gətirilməsi belə təsəvvür yarada bilər ki, radio və televiziyamızda dialekt və şivə sözləri çox işlənir. Amma faktlar bir az başqa şey deyir. Faktlar dialekt və şivə sözləri ilə müqayisədə varvarizmlərdən radio və televiziya jurnalistlərimizin daha çox istifadə etdiklərini göstərməkdədir. Jurnalist efirdən kiminsə haqqında danışaraq dinləyicilərə və yaxud tamaşaçılara belə deyir: “O, katiqarik olaraq bildirdi ki, mənim bu işdən xəbərim yoxdu”. “Qəti” sözünün əvəzinə “kateqorik” (əslində “kateqoriçeski”) sözünü işlətməyin təsadüfi olmamasını, tutalım, efirdə “qapıçı” əvəzinə “qolkiper”, “oyundan kənar” əvəzinə “ofsayt”, “on bir metrlik cərimə” əvəzinə “penalti” işlədilməsi kimi çoxlu sayda misallar da göstərir.

Bəs efirimizdə Türkiyə türkcəsindən götürülmüş sözlərin işlənmə vəziyyəti necədir? Türkiyədə dilin saflığı uğrunda mübarizənin bəhrəsi olaraq meydana çıxan özəl, özəlləşdirmə, yetərsay, dönəm, önəm, öndər, durum, gündəm, olay, seçim, açıqlama, çağdaş, yayım, sərgiləmək, bilgi, toplu, anlam, yaşam, qaynaq, örnək, soy, soyad, soydaş, soyqırım və s. kimi sözləri bizim də işlətməyimiz yerli-yerindədir. Amma Türkiyə türkcəsindən götürülüb yersiz olaraq işlədilən söz və ifadələrə də rast gəlmək mümkündür və belə hallar son vaxtlar keçirilən dil müzakirələrində araşdırma mövzularından biridir. Təsadüfi deyil ki, keçən ilin oktyabr ayında keçirilən konfrans - “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında kütləvi informasiya vasitələrinin rolu”na həsr olunan yüksək səviyyəli tədbir də həmin mövzuya biganə qalmır: konfransdakı çıxışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov kütləvi informasiya vasitələrinin dillə bağlı nöqsanları sırasında bir nöqsanı da Türkiyə türkcəsindən yersiz (məhz yersiz!) istifadə hallarında görür. Əli Həsənovun və digər məruzəçilərin konfransda bu məsələyə xüsusi həssaslıqla yanaşması Azərbaycan-Türkiyə qardaşlığı və qarşılıqlı əlaqələrinin sağlam zəmin üzərində qurulması amalından doğur. Belə hesab edilir ki, istər söz, istər söz birləşməsi, istərsə də cümlə səviyyəsində yamsılama hallarını dilin inkişafına kömək edən amil kimi qələmə vermək doğru-düzgün deyil. Fərqli görünmək naminə telejurnalistin yol verdiyi leksik yamsılamaya “peşində olmaq” ifadəsi səciyyəvi misal ola bilər. Telejurnalist “Biz bu işin arxasındayıq” yerinə “Biz bu işin peşindəyik” deyirsə, buna yamsılamadan başqa bir ad vermək çətindir. Əgər bir jurnalist “Aqşin Turan təzədən birliyin lideri oldu” əvəzinə, “Aqşin Turan təzədən birliyin başına döndü” deyirsə, “başına dönməyin” bizdə “qurban olmaq” mənası daşıdığını unudursa, bu hal yamsılamanın komik bir nümunəsidir. Belə nümunələrə qəzet və jurnallarımızda da rast gəlirik. Azərbaycan Dillər Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Nərgiz Qurbanlının müşahidələrinə əsaslanıb qeyd edə bilərik ki, bugünkü mətbuatımızda “qarantiya” yerinə “inanca”, “qalstuk” yerinə “boyunbağı”, “transport” yerinə “taşıt” sözlərinin işlənməsi yamsılama təsiri bağışlayan məqamlar sırasına daxildir. Bu gün Türkiyə türkcəsində “sıxıntı” yerinə “depressiya”, “sarsıntı” yerinə “stress”, “üz-üzə” yerinə “direkt”, “görüş” yerinə “randevu” işlənirsə, Türkiyədə dilçi həmkarlarımız Avropa dillərinin təsiri ilə Türkiyə türkcəsində qrammatik qaydaların belə pozulması hallarını həyəcanla diqqətə çatdırırlarsa, bu o deməkdir ki, alınma sözlərə münasibətdə yüz ölçüb, bir biçməliyik, söz aldığımız tərəfin dil islahatında yaxşını mənimsəməli, pisdən ibrət götürməliyik. Türkiyənin tanınmış dilçisi Şükrü Haluk Akalın yazır: “Xarici dillərin Türkiyə türkcəsinə təsirinin artması türkcənin lüğət tərkibinə mənfi təsir edir. “Divan Hoteli” demək yerinə “Hotel Divan” deyilməsi Türkiyə türkcəsinin söz qanunauyğunluqlarına da təsir edir. Son dövrlərdə, həmçinin, tərcümə yolu ilə bir çox uyğunsuzluqlar dilə daxil edilməkdədir. Belə uyğunsuzluqlardan biri belədir: İstifadə edilən sözlər türk mənşəli olsa da, söz sırası Türkiyə türkcəsinin qanunlarına zidd şəkildədir. Düzgün olmayan bu cür istifadə halları get-gedə artmaqdadır: “Çay içmək”, “qəhvə içmək” yerinə “çay almaq”, “qəhvə almaq” kimi ifadələri misal olaraq göstərə bilərik. Türk dilinin quruluşuna, məntiqinə zidd olan bu istifadə hallarından xilas olmaq lazımdır”. Başqa dillərlə qarşılıqlı əlaqələr sahəsində Türkiyə türkcəsinin üzləşdiyi nöqsanları təkrar etmək aradan qaldırılması çətin olan fəsadlar törədə bilər.

Acınacaqlı haldır ki, bizdə yamsılama faktları bəzən sintaktik səviyyədə özünü göstərir və başqa bir dilin təsiri ilə cümlə yabançı şəkildə qurulur. Feli sifət və feli sifət tərkibinin bir qırağa qoyulub, rus dilinin təsiri ilə “hansı ki” bağlayıcı sözündən tez-tez istifadə edilməsi heç də təqdir olunası fakt deyil: “Bu məsələ, hansı ki, o haqda çox danışmışıq, indi hamını narahat edir”. Efirdə baş alıb gedən bu tipli cümlələr, heç şübhəsiz, dilimizin tələbinə görə feli sifət tərkibi əsasında qurulmalıdır: “Haqqında çox danışdığımız bu məsələ indi hamını narahat edir”. Sintaktik səviyyədə yamsılama halı rus dilindəki “ne smotrya” ifadəsinin təsiri ilə də özünü tez-tez göstərməkdədir: “Baxmayaraq ki, qışdı, amma havalar xoş keçir”. Bu quruluşda cümlələrə bəzən ciddi qələm sahiblərinin də dilində və yazı-pozusunda rast gəldikcə narahatlıq daha da artmağa başlayır. Düşünürsən ki, bu cümlə tipi bu gedişlə ədəbi dildə özünə çox rahatca yer tapacaq. Və heç kimin ağlına gəlməyəcək ki, “baxmayaraq” sözü ilə başladığımız cümlə ana dilimizdə belə olmalı imiş: “Qış olsa da, havalar xoş keçir”. Yaxud belə: “Qış olmasına baxmayaraq, havalar xoş keçir”.

Radio və televiziyada veriliş aparan jurnalistlərin şifahi nitqində sintaktik normanın ən çox pozulduğu məqamlardan biri uzlaşma əlaqəsinin düzgün qurulmaması ilə bağlıdır: “Məktəb kollektivi yığışıb bu məsələni ətraflı müzakirə etdilər”. Bu cümlədə -lər şəkilçisindən başqa hər şey yerindədir. Sual oluna bilər: Bir şəkilçiyə görə bu cümlədən xüsusi danışıb narazılıq etməyə dəyərmi? Əlbəttə, dəyər. Ona görə ki, bu tipdə cümlə quruluşu bir-iki jurnalistin yox, neçə-neçə jurnalistin nitqində özünü göstərir və nəticədə “süjetin bir-iki görüntüləri”, “bir qrup naməlum şəxslər”, “belə bir oyunlar” və s. kimi əcaib quruluşlu ifadələr efirdən səslənməkdə davam edir. Əcaiblik ondadır ki, jurnalist “məktəb kollektivi” ifadəsi ilə başlanan cümlənin “müzakirə etdi” şəklində bitməli olduğunu, “bir” və yaxud “iki” sayından sonra gələn “görüntü”, “şəxs”, “oyun” kimi sözləri cəm şəkilçisi ilə işlətməyin düzgün olmadığını nəzərə almır.

Mətbuatda, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması ilə bağlı misalların sayını xeyli artırmaq, yol verilmiş dil xətalarından daha ətraflı danışmaq olar. Buna ehtiyac görmədən qeyd etmək istəyirik ki, qloballaşma şəraitində Azərbaycan dilindən zamanın tələblərinə uyğun şəkildə istifadə olunması ilə bağlı xüsusi Dövlət Proqramının qəbul edilməsi, eləcə də bu yaxınlarda ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi ana dili sahəsində dövlət əhəmiyyətli tədbirlərin mərkəzləşmiş qaydada xüsusi ardıcıllıqla həyata keçiriləcəyindən xəbər verir. Orfoqrafiya lüğətinin təkmilləşdirilib nəşr edilməsi, orfoepiya lüğətinin hazırlanması, müxtəlif elm sahələrinə aid terminoloji sözlüklərin mərkəzləşmiş qaydada tərtib edilməsi, orta və ali məktəb dərsliklərinin dil baxımından ciddi şəkildə səliqəyə salınması, radio-televiziya kanalları və mətbuat orqanlarında ana dilinin hansı şəkildə işlənməsini üzə çıxarmaq üçün monitorinqlərin mütəmadi keçirilməsi və həmin monitorinqlərin nəticələrinin əsaslı olaraq müzakirə edilməsi və s. görüləsi vacib işlərdəndir.

Muxtar İmanov, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.