www.science.az
15.02.2018 11:02

Milli Azərbaycan Tarixi Muzeyində “Bayrağımız-qürur mənbəyimizdir!” mövzusunda tədbir keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində milli maarifçilik mövzusunda müntəzəm tədbirlər keçirilir. “Bayrağımız-qürur mənbəyimizdir!” mövzusunda təşkil edilən növbəti tədbir Dövlət Bayrağının mənəvi dəyərlərinin təbliğinə həsr olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“İnnovativ təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə AR Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, AMEA İnsan Haqları İnstitutu və QHT-lərin nümayəndələri, həmçinin şəhər məktəblərinin müəllim və şagird heyəti iştirak edib.

Çıxış edınlər bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin bayrağımız haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi barədə məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı dövlətçilik rəmzlərindən biridir. Bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. Bayraqdakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd edilməsi milli bayrağımıza dövlət qayğısının əməli təzahürüdür.

Tədbirdə dövlətçilik rəmzlərinin təbliğinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolu qeyd edilib.

Daha sonra şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeir və mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Sonda “Bayrağımız qürur mənbəyimizdir” adlı silsilə tədbirlərdə fəal iştirakına görə istedadlı şagirdlərə, müəllimlərə, ictimai nümayəndələrə “İnnovativ Təşəbbüslər” İctimai Birliyi adından sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.