www.science.az
15.02.2018 10:04

AMEA-nın Orfoqrafiya Komissiyasının məlumatı

AMEA-nın Orfoqrafiya Komissiyasının açıq müzakirəyə təqdim etdiyi "Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi artıq iki aydan çoxdur ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirə olunur. Müzakirələrdə müxtəlif sahələrdə çalışan sadə Azərbaycan vətəndaşları, media nümayəndələri, sosial şəbəkələrin təmsilçiləri, yazıçılar, tanınmış dilçi alimlər iştirak edirlər. AMEA Orfoqrafiya Komissiyasına və Nəsimi adına Dilçilik İnstitutuna çoxsaylı yazılı və şifahi müraciətlər daxil olub.

"Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupu "Azərbaycan dilinin Orfoqrafiya Qaydaları"na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi Qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

AMEA Orfoqrafiya Komissiyasının tərkibinə ölkəmizin tanınmış dilçi alimləri - akademiklər və müxbir üzvlər, filologiya üzrə elmlər doktorları, professorlar daxildir. Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə olunduqdan sonra qəbul edilən dəyişikliklər təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan dilinin Orfoqrafiya lüğətinin hazırlanıb nəşr edilməsi üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq.

Orfoqrafiya Qaydalarının hazırlanması üçün əsas meyar yalnız Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarından, geniş mənada azərbaycançılıq prinsipindən ibarətdir.

AMEA-nın Orfoqrafiya Komissiyası müzakirəyə təqdim olunmuş "Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi haqqında fikir və mülahizələrini bildirmiş, təkliflər irəli sürmüş bütün şəxslərə və mütəxəssislərə dərin hörmət və ehtiramını bildirir.

"Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsinə dair əlavə rəy və təkliflər yazılı şəkildə AMEA Nəsimi adına Dilçilik İnstitutuna təqdim oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.