Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı çapdan çıxıb
14.02.2018 13:43
  • A-
  • A
  • A+

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı çapdan çıxıb

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayında ilk olaraq ərəb ədibi Əmin ər-Reyhaninin anadan olmasının 140 illiyinə həsr olunan yazılar dərc edilib.

Nəşrin “Ədəbiyyat” bölməsi Cənubi Azərbaycan ədəbiyyatına həsr olunub. Burada Azərbaycan Demokrat Firqəsinin və Azərbaycan Milli Hökumətinin sədri olmuş görkəmli ictimai-siyasi xadim Seyid Cəfər Pişəvərinin və şair, nasir, publisist Mərziyə Əhmədi Üskuinin bədii yaradıcılığına dair məqalələr təqdim edilib.

“Tarix” bölməsində Hindistan azadlıq hərəkatında Məhəmməd Əli Cinnah və Mahatma Qandinin rolundan bəhs edən məqaləylə tanış olmaq olar.

“Din və ictimai fikir tarixi” bölməsində isə günümüzün aktual məsələlərinə - Azərbaycan Respublikasında İslam həmrəyliyinin ideoloji-siyasi əsaslarına və Azərbaycanda Şərq və Qərb mədəniyyətlərinin sintezi probleminə həsr olunmuş yazılar oxucuların diqqətinə çatdırılır.

Jurnalda, həmçinin İranın nüvə proqramına və Çinlə İran arasında hərbi–texniki əməkdaşlığa dair yazı, görkəmli ictimai xadim, əslən Krım tatarı olan pedaqoq, naşir və siyasətçi İsmayıl bəy Qaspıralıya həsr olunmuş məqalə, eləcə də tanınmış türk şairi Ahmet Hamdi Tanpınarın şeirlərinin tərcüməsi verilib.

85 illik yubileyi qeyd edilən tanınmış şərqşünas alim Əkrəm Rəhimliyə həsr olunmuş məqalə, Şərqşünaslıq İnstitutunun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatla da jurnalın bu sayında tanış olmaq mümkündür.

Bundan əlavə, jurnalda Şərqşünaslıq İnstitutunda nəşr olunan yeni kitablar və keçirilən tədbirlər barədə məlumat almaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: