www.science.az
01.11.2013 00:00

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyədə keçirilmiş Beynəlxalq konfransda iştirak edib

Türkiyənin Afyonkarahisar şəhərində “Mövlana, mövləvilik və dünya mədəniyyətində yeri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə ölkəmizi təmsil edən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Mövlana Cəlaləddin Rumi yaradıcılığının Azərbaycanda öyrənilməsi və nəşri məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb.

Tədbir çərçivəsində Mövlana Cəlaləddin Rumiyə həsr edilmiş sərgi də nümayiş etdirilib. Sərgidə böyük mütəfəkkirin işıq üzü görən kitabları, onun barəsində yazılan tədqiqat əsərləri və məqalələr, rəsm əsərləri təqdim olunub.

Sərgidə Mövlana Cəlaləddin Ruminin Naxçıvanda “Əcəmi” nəşriyyatında çapdan çıxmış 3 cildlik “Məsnəvi”si konfrans iştirakçılarının diqqət və marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.