www.science.az
12.02.2018 12:25

Akademik Rasim Əliquliyev: “Baza kafedralarının fəaliyyətinə dair hüquqi baza formalaşdırılmalıdır”

9 fevral 2018-ci il tarixində keçirilmiş Direktorlar Şurasının iclasında AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim qabaqcıl biliklərin ötürülməsində mühüm vasitələrindən biri olan baza kafedralarının elm və təhsilin inteqrasiyasında böyük rol oynadığını qeyd edib.

“Baza kafedralarının fəaliyyətinə dair hüquqi baza formalaşdırılmalıdır”, – deyə bildirən R.Əliquliyev  bu addımın kafedralarda dərs deyən müəllim və professor heyətinin əməyinin hüquq çərçivəsində qiymətləndirilməsi baxımından əhəmiyyətli olduğunu deyib.

Alim rəhbərlik etdiyi qurumun həm də böyük bir təhsil kompleksi missiyasını yerinə yetirdiyini, burada ölkənin minlərlə gənc tədqiqatçısının müasir İKT biliklərini əldə etdiyini vurğulayıb. Qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutunda da bu sahədə hüquqi bazanın yaradılması vacib məsələlərdəndir.

R.Əliquliyev bu istiqamətdə AMEA Rəyasət Heyəti, AR Nazirlər Kabineti və Təhsil Nazirliyinin birgə fəaliyyət göstərməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.