www.science.az
08.02.2018 11:33

Akademik Rafael Hüseynov: "Humanitar elmin təbliği istiqamətində səylərimizi birləşdirməliyik"

AMEA Rəyasət Heyətinin növbəti iclasında Humanitar Elmlər Bölməsinin hesabatı təqdim edilib. İclasda çıxış edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov son dövrlərdə humanitar elm sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Humanitar elmin prioritet istiqamətlərində araşdırmaların aparılması və dünya elminə inteqrasiya baxımından Avropa, həmçinin ərəb və fars dillərini mükəmməl bilməyin zəruriliyini önə çəkib.

“Humanitar elmin təbliği istiqamətində səylərimizi birləşdirməliyik”, – deyən akademik R.Hüseynov bu sahədə əldə olunan nailiyyətlərin vikipediyada geniş şəkildə təbliğinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, dünya humanitar elminə ineqrasiya olunmaq üçün ölkədə mütəmadi olaraq konfranslar təşkil etməli, xarici alim və mütəxəssislərlə təcrübə mübadiləsi aparmalıyıq.

Alim Azərbaycan dilinin orfoqrafiya lüğətinə edilən dəyişikliklərlə bağlı fikirlərini də bölüşüb. Qeyd edib ki, yeni dəyişikliklərlə bağlı ölkə ictimaiyyətinin fikri öyrənilməli, müvafiq sahə üzrə alim və mütəxəssislərin irad və təklifləri nəzərə alınmalı, son nəticədə mükəmmək lüğət ortaya qoyulmalıdır: “Dilin ümumi inkişafına zərər yetirən əlamətləri aradan qaldırmalı, bu istiqamətdə birgə fəaliyyət göstərməliyik”.

Akademik R.Hüseynov öz çıxışında, həmçinin Azərbaycanda muğam sənətini öyrənməyin son dərəcə vacib olduğunu bildirib, bu istiqamətdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda fəaliyyət göstərən Muğamşünaslıq şöbəsinin qarşısında ciddi vəzifələrin dayandığını qeyd edib. “Muğam bizim milli sərvətimizdir”, – deyə bildirən R.Hüseynov bu sənətin incəliklərinin dərindən öyrənilməsi üçün musiqi savadının olması və qədim mənbələrin araşdırılmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.