www.science.az
08.04.2014 00:00

AMEA Gənc alim və mütəxəssislər şurası Memarlıq və İncəsənət İnstitutunun gənc alimləri ilə görüş keçirdi

AMEA-nın institut və təşkilatlarında monitorinqlər aparan AMEA Gənc alim və mütəxəssislər şurası üzvlərinin növbəti görüşü aprelin 7-də Memarlıq və İncəsənət İnstitutunda baş tutdu.

İnstitutun gənc alimləri ilə görüşən Şura üzvləri gənclərin elmi potensialının artırılması, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyələşdirilməsi məsələləri ətrafında müzakirələr apardılar.

İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri Pərvanə Əliyeva institutun və elmi müəssisədə çalışan gənclərin fəaliyyətindən söz açdı. Bildirdi ki, qurumda çalışan 30 gənc alimdən 22-i şuranın üzvüdür. P.Əliyeva institut tərəfindən gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğuladı.

Görüşdə həmçinin Şuranın daha səmərəli fəaliyyəti üçün müasir informasiya texnologiyaları ilə təchiz olunmuş xüsusi otaqların təşkili, xarici elmi ezamiyyətlər və dil təkmilləşdirmə kurslarının təşkili, gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması və s. məsələlər ətrafında müzakirələr aparıldı.

Müzakirələrdə iştirak edən institutun Gənc alim və mütəxəssislər şurasının üzvləri – Könül Əliyeva, Nəsib Zeynalov və başqaları sual və təkliflərlə çıxış etdilər.

AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanovun qeyd etdi ki, institut və təşkilatlarda keçirilən monitorinqlərin məqsədi gənclərlə bilavasitə ünsiyyət qurmaq, onların problemlərindən xəbərdar olmaq və təkliflərini dəyərləndirməkdir.

Sonra institutun direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Salamzadə ilə görüş keçirildi. İnstitutda gənc alimlərə daim diqqət göstərildiyini vurğulayan E.Salamzadə şura alimlərinin problemlərinin həllində mühüm rol oynayacağını söylədi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.