www.science.az
02.02.2018 14:47

Dilçilik İnstitutunda Gənclər Günü qeyd olunub

Fevralın 2-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Gənclər Günü münasibətilə tədbir keçirilib.

İnstitutun direktoru, akademik Möhsün Nağısoylu ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyinə daim böyük diqqət yetirib. Dahi rəhbərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışıb.

M.Nağısoylu, həmçinin Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycanın qazandığı uğurlardan, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən, bu inkişafa gənclərin verdiyi töhfələrdən danışıb.

Alim rəhbərlik etdiyi müəssisədə gəncliyin böyük bir qüvvə olduğunu, 2017-ci ildə gənclərin sırasında bir nəfərin doktorluq, 4 nəfərin isə fəlsəfə doktorluğu üzrə dissertasiya işini müdafiə etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən bir qrup gənc müstəqil Azərbaycanda onlara göstərilən qayğıdan söz açaraq, hər bir sahədə dövlətin dəstəyini hiss etdiklərini qeyd ediblər.

Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən gənclər Fəxri fərmanlarla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.