www.science.az
02.02.2018 15:02

AMEA Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının növbəti iclası keçirilib

Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan şuranın sədri, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev gündəlikdəki məsələləri diqqətə çatdırıb. Bildirib ki, bugünkü tədbirdə AMEA YT Parkına rezidentlik statusu əldə etmək üçün müraciət edən tərəflərlə bağlı məsələlər müzakirə olunacaqdır.

Şuranın ötən iclasında dörd hüquqi şəxsə AMEA YT Parkın rezidenti statusu verildiyini xatırladan akademik İ.Quliyev qısa müddət ərzində daha üç qurumun rezidentliyə iddia etməsini müsbət hal kimi dəyərləndirib.

Sonra YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək iclasda yeddi potensial rezidentin fəaliyyətləri ilə bağlı məlumatın dinləniləcəyini bildirib.

Daha sonra “Azeltech” MMC-nin direktoru Samir Süleymanov, “Azeltech” MMC-nin nümayəndəsi Fərid Əhmədov, “Labdisc Azərbaycan” MMC-nin direktoru Hikmət Quliyev, “Labdisc Azərbaycan” MMC-nin nümayəndəsi Fərhad Hüseynov, “EPC Group” MMC-nin baş direktoru Mohammad Miabi, “EPC Group” MMC-nin nümayəndəsi Ramin Əhmədov, “Alqoritmika Azərbaycan” MMC-nin baş maliyyə inzibatçısı Renat Əsədov və “Alqoritmika Azərbaycan” MMC-nin nümayəndəsi Fərid Qurbanov təmsil etdikləri qurumların fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.