Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” yenidən çap olunub
31.01.2018 16:28
  • A-
  • A
  • A+

“Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” yenidən çap olunub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” 49 ildən sonra yenidən nəşr olunub.

Lüğətin müəllifi ilk Azərbaycan baleti “Qız qalası”nın yaradıcısı, bəstəkar, dirijor, musiqişünas və ictimai xadim kimi tanınan və əsərləri ilə milli musiqimizə dəyərli töhfələr verən Əfrasiyab Bədəlbəylidir.

“Şərq-Qərb” nəşriyyatında çap olunan kitabın elmi redaktoru Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur. Nəşrin redaksiya heyətinə akademik Rafael Hüseynovla yanaşı, akademik Arif Məlikov, Nərminə Quliyeva, Gülnaz Abdullazadə, Ülviyə İmanova, Şəhla Həsənova, Gülzar Mahmudova və Leyla Məmmədova daxildirlər.

Kitabda dövrlə bağlı ictimai və elmi fikirdə baş verən dəyişikliklər nəzərə alınaraq bir sıra redaktə işləri aparılıb. Vəsaitdə musiqi terminologiyasına dair məlumatlar, o cümlədən Azərbaycan folkloru, etnoqrafiyası və mədəniyyəti tarixinin müxtəlif sahələri barədə musiqi ictimaiyyətinə az bəlli olan faktlar, həmçinin Azərbaycan musiqişünaslığı və muğam ifaçılığının bir sıra görkəmli simaları ilə bağlı ilk məxəzlər əksini tapır.

Əsər musiqişünaslar, musiqiçi və musiqişünas ixtisası verən universitetlərin tələbələri, orta ixtisas musiqi məktəblərinin, eləcə də orta ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: