www.science.az
30.01.2018 17:06

"Mirzə Ağadadaş Müniri. Əsərlər" adlı kitabın təqdimat mərasimi keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Mirzə Ağadadaş Müniri. Əsərlər" adlı kitabın təqdimat mərasimi keçirilib.

Nəşr XIX-XX əsrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi Mirzə Ağadadaş Münirinin anadan olmasının 155 illik yubileyi ilə əlaqədar çap olunub.

Tədbirdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.e.d. Paşa Kərimov çıxış edərək şairin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib. O, M.A.Münirinin qəzəl, rübai, təxmis və digər klassik janrlarda şeir yazmaqla bərabər, dövrün ictimai ab-havasını əks etdirən mənzum məktublar və məqalələr müəllifi olduğunu diqqətə çatdırıb.

Sonra institutun elmi katibi, f.ü.f.d. Əzizağa Nəcəfzadə çıxış edərək Münirinin öz dövründə tanınmış bir qələm sahibi olduğunu, ötən əsrin əvvəllərində onun “Bahar ağlayışı” adlı kitabının nəşr edildiyini bildirib. Ə.Nəcəfzadə daha sonra vəsaitin ərsəyə gəlməsində böyük rolu olmuş Ağadadaş Müniri irsinin tanınmış tədqiqatçısı, kitabın tərtibçisi və ön sözünün müəllifi Sonaxanım Hadiyevanın gərgin əməyindən danışıb.

Tədbirdə, həmçinin institutun böyük elmi işçisi Rauf Şeyxzamanlı, füzulişünas alim, f.ü.f.d. Vərağa Almasov, institutun şöbə müdiri Qutiyera Cəfərova və digərləri çıxış edərək şairin elmi müəssisədə saxlanılan şeirləri, publisistik məqalələri və nəsl şəcərəsi barədə danışıblar.

Sonda kitabın tərtibçisi, institutun böyük elmi işçisi Sonaxanım Hadiyeva çıxış edərək M.A.Müniri ilə bağlı uzun illərdən bəri tədqiqat apardığını, müxtəlif qəzet və jurnallarda onun haqqında silsilə məqalələr çap etdirdiyini bildirib. O, şairlə bağlı tədqiqatlarını gələcəkdə də davam etdirəcəyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.