Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
30.01.2018 09:58
  • A-
  • A
  • A+

Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 25-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi keçiriləcək.

Magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar üçün fevralın 4-də imtahanın birinci mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanında istifadə olunacaq testlər yenidir və magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə proqrama tam uyğundur. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. İmtahanın məqsədi bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.

İmtahanlar rayonlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 31-i saat 10:00-dək DİM-in internet saytında qeydiyyatdan keçməklə imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak üçün ödənişin məbləği 30 (otuz) manatdır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan “Hesaba” daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar.

Namizədlər imtahana yazılmaq üçün “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Magistratura səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq/mag səhifəsində “yeni istifadəçi” kimi qeydiyyatdan keçərək imtahan binasını seçməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: