www.science.az
29.01.2018 10:01

Naxçıvan xanlığının tarixindən bəhs edən interaktiv dərs keçirilib

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda xanlıqların yaranması: Naxçıvan xanlığı” mövzusunda interaktiv dərs keçirilib.

Dərsdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev şagirdlərə Naxçıvan xanlığının yaranması, ərazi bölgüsü, idarə sistemi, dövlət atributları, ordu quruculuğu, diplomatik münasibətləri və Türkmənçay müqaviləsi haqqında geniş məlumat verib. Bildirib ki, xanlığın əsasını Nadir şah Əfşarın ölümündən sonra 1747-ci ildə Kəngərli tayfasından olan Heydərqulu xan qoyub. O, Naxçıvan xanlığının ərazisinin 1747-1797-ci illərdə 9428,7 km2, 1798-1828-ci illərdə isə 4642,83 km2 olduğunu deyib.

Musa Quliyev xanlığın mərkəzi Naxçıvan şəhərinin Orta və Yaxın Şərq ölkələrindən Rusiya və Avropaya gedən ticarət yollarının üstündə yerləşdiyini və nəticədə bir çox ölkələrin hədəfində olduğunu diqqətə çatdırıb. Alim tarixi faktların Naxçıvan və İrəvan xanlıqlarının qədim Azərbaycan torpaqları olduğunu sübut etdiyini deyib.

O, Naxçıvan xanlığının tarixinin hərtərəfli araşdırılmasının ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdən (1969-cu ildən) başladığını söyləyib.

İnteraktiv dərs ümumilikdə muxtar respublikanın 215 ümumtəhsil məktəbində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.