www.science.az
23.01.2018 17:11

www.azerbaycandili.az portalının təqdimatı keçirilib

Yanvarın 23-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının – www.azerbaycandili.az portalının təqdimatı keçirilib.

Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış portalın böyük əhəmiyyətə malik olduğunu söyləyən alim qeyd edib ki, bu informasiya bazası ölkə Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə hazırlanıb. 

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, 3 dildə fəaliyyət göstərəcək veb-resurs vasitəsilə Azərbaycan dilinin tarixi, inkişaf yolu, qrammatikası, müasir vəziyyəti, problemləri barədə ətraflı məlumatlar əldə etmək mümkün olacaq. Portal dünyada Azərbaycan dilinin tanınması və nüfuzunun artırılması, onun dünya dilçilik mərkəzlərində təmsil olunması istiqamətində böyük rol oynayacaq. 

Akademik İ.Həbibbəyli Dilçilik İnstitutunda dilimizin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, “Monitorinq” şöbəsinin yaradıldığını da diqqətə çatdırıb.

Sonra Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlərdən, qəbul etdiyi fərman və sərəncamlardan danışıb. Alim yeni informasiya bazasında dilçiliyin inkişafı ilə bağlı aparılan elmi tədqiqatların, AXC və müstəqillik dövründə dövlət dili ilə bağlı qəbul edilmiş qanunların öz əksini tapacağını qeyd edib.

Portalda “Dil haqqında”, “Qanunlar”, “Azərbaycan dilçiləri” və “Dilçilik kitabxanası” bölmələrinin mövcud olduğunu söyləyən akademik M.Nağısoylu burada Azərbaycan dilinin izahlı lüğəti, habelə müxtəlif lüğət və ədəbiyyatların elektron variantlarının da yer aldığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Əlyazmalar İnstitutunda 40 minə yaxın eksponatın mövcud olduğunu, bu eksponatların təxminən 40 faizinin elektronlaşdırıldığını bildirib. “İlk növbədə türkdilli əlyazmaların elektronlaşdırılması nəzərdə tutulur”, – deyə bildirən alim xarici qonaqların bu eksponatlara böyük maraq göstərdiyini qeyd edib.  O, mövcud olan bütün eksponatların elektron variantlarının yaradılması istiqamətində tədbirlərin görülməsinin zəruriliyini önə çəkib.

Daha sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək qloballaşma dövründə Azərbaycan dilinin inkişaf etdirilməsi, qorunub saxlanılması istiqamətində atılan addımları təqdirəlayiq hal kimi qiymətləndirib. Böyük informasiya bazası olan saytın məqsəd və təyinatına görə meqa-portal olduğunu vurğulayıb.

AMEA-nın İnternetlə təmin olunması məsələsinə toxunan alim hazırda 7000-ə yaxın kompüterin AzScienceNet elm kompüter şəbəkəsinə qoşulduğunu diqqətə çatdırıb. O, AzScienceNet şəbəkəsinin texniki imkanlarının genişləndirilməsi nəticəsində onun xarici yaddaşının həcminin 500 Tbayt-a bərabər olduğunu qeyd edib.

Akademik R.Əliquliyev, həmçinin portalın dizaynı və konsepsiyasına dair təkliflərini səsləndirib. İnformasiya Texnologiyaları İnstitutunda terminoloji informatika sahəsində görülən işlər barədə məlumat verən alim portalın texniki cəhətdən təmin olunması ilə bağlı dəstək göstərməyə və birgə əməkdaşlığa hazır olduğunu  bildirib.

Tədbirdə Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin müdiri, professor Kamilə Vəliyeva və şöbənin baş elmi işçisi, professor Məsud Mahmudov portalın texniki göstəriciləri baxımından müasir standartlara cavab verdiyini qeyd ediblər, onun istifadə qaydasına dair ətraflı məlumat veriblər. Bildirilib ki, bu informasiya resursunun gələcəkdə mütəmadi olaraq təkmilləşdirilməsi nəzərdə tutulur.

Sonda www.azerbaycandili.az saytının istismarı ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.