www.science.az
23.01.2018 08:26

AMEA-nın Əlyazmalar İnstitutu Beynəlxalq Əlyazmalar Cəmiyyətinə üzv seçilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu baş qərargahı ABŞ-ın Kanzas ştatında yerləşən Beynəlxalq Əlyazmalar Cəmiyyətinə (International Manuscript Society) tamhüquqlu üzv seçilib.

Artıq cəmiyyətin vahid reyestrinə institutun və ölkəmizin adı daxil edilib, digər üzvlərə müəssisənin fəaliyyəti və fondunda mühafizə olunan əlyazmalar barədə geniş məlumat çatdırılıb. Bununla yanaşı, institutun əməkdaşları cəmiyyətin ildə 4 dəfə nəşr olunan “Əlyazma” adlı elmi jurnalına ödənişsiz abunəçilik əldə ediblər.

Qeyd edək ki, 1948-ci ildə yaradılmış bu təşkilat 1953-cü ilədək “Avtoqraf və əlyazma kolleksionerlərinin Milli Cəmiyyəti” adı ilə fəaliyyət göstərib.

Cəmiy­yət müxtəlif ölkələrdə yerləşən arxivləri, elmi tədqiqat institutlarını, əlyazma fondlarını, kitabxanaları və s. özündə birləşdirir. Hazırda 1500-dən artıq təş­kilat və 3400-ə yaxın arxivarius, əlyazmaşünas və kitabşünas cəmiyyətin üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.