www.science.az
19.01.2018 10:46

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlığının və birliyinin təcəssümüdür

AMEA-nın Gəncə Bölməsində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən bölmənin sədri, akademik Fuad Əliyev 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb, 20 Yanvar faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğulayıb. F.Əliyev gəncləri tariximizin bu qanlı qəhrəmanlıq səhifəsini unutmamağa çağırıb.

Tədbirdə bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, professor Həsən Sadıqov, həmin şöbənin elmi işçisi Mətanət Əliyeva və kiçik elmi işçisi Aytən İsmayılova, Bioresurslar İnstitutunun Boyaq emalı texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov, Yap Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov və başqaları çıxış edərək 20 Yanvar hadisələri barədə geniş məlumat verib, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıblar.

Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.