www.science.az
19.01.2018 15:49

AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, bu müəssisənin direktoru, akademik İsa Həbibbəyli çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və milli suverenlik tələbinin qarşısını almaq üçün törədildiyini və hadisələrə ilk siyasi qiyməti ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki kəskin bəyanatı ilə verdiyini bildirib.

Fizika İnstitutunda keçirilən tədbirdə çıxış edən müəssisənin elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə xalqın haqq səsini boğmaq üçün sovet rəhbərliyi tərəfindən Bakıya 5 istiqamətdən 60 min əsgərdən ibarət qoşun yeridilib. C.Abdinov vurğulayıb ki, 20 Yanvar faciəsi zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs olunub.

Qafqazşünaslıq İnstitutunda baş tutan dəyirmi masada çıxış edən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı 20 Yanvar faciəsini xalqımızın qəhrəmanlıq səhifəsi adlandırıb və hadisə ilə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılmasının önəmini vurğulayıb.

Elm Tarixi İnstitutunda keçirilən anım tədbirini açan müəssisənin direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli bildirib ki, 20 Yanvar hadisələri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq salnaməsi kimi daxil olub.

Fiziologiya İnstitutunda baş tutan tədbirdə müəssisənin elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Əhməd Hacıyev çıxış edərək 28 il bundan əvvəl milli azadlığı, suverenliyi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı SSRİ rəhbərliyi tərəfindən xüsusi qəddarlıqla düşünülmüş terror aktının həyata keçirildiyini, lakin heç bir hədəfinə nail olmadığını söyləyib.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən “20 Yanvar- Ümumxalq hüzn günü” adlı elmi sessiyada AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, müəssisənin direktoru, akademik Teymur Kərimli çıxış edərək faciənin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu deyib. O, 20 Yanvar faciəsini sovet imperiyasının digər xalqları əsarətdə saxlamasına sonuncu cəhd kimi dəyərləndirib və imperiya ambisiyalarının məhz Azərbaycanda qırıldığını bildirib.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda baş tutan anım tədbirində çıxış edən AMEA-nın vitse-prezidenti, müəssisənin direktoru, akademik Dilqəm Tağıyev faciə barədə həqiqətlərin gələcək nəsillərə çatdırılmasının zəruriliyini vurğulayıb, həmçinin Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıdan danışıb.

Fəlsəfə İnstitutunda baş tutan tədbirdə müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli birliyini və həmrəyliyini təsdiqləyən ən mühüm hadisələrdən biri olduğunu deyib.

Arxeologiya və Etnoqrafiya İnstitutunda keçirilən tədbiri müəssisənin direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində beynəlxalq toplum 20 Yanvar faciəsi barədə həqiqətləri öyrənib, Azərbaycan xalqını azadlığı uğrunda hər cür çətinliklərə sinə gərən mübariz bir xalq kimi tanıyıb.

Genetik Ehtiyatlar İnstitutunda keçirilən tədbirdə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.

Hüseyn Cavidin Ev Muzeyində isə “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib, həmçinin faciə ilə bağlı nəşr, fotolardan ibarət sərgi təşkil edilib.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən tədbirdə çıxış edən müəssisənin elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov 20 Yanvar faciəsinin bəşər tarixində qara səhifə olaraq qalacağını bildirib.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda isə baş tutan tədbirdə müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev çıxış edərək 20 Yanvar faciəsinin XX əsrdə baş vermiş ən dəhşətli etnik təmizləmə hadisələrindən biri olduğunu söyləyib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.